
İsrailin Baş naziri Benyamin Netanyahu keçmiş Hərbi Dəniz Qüvvələri komandiri Eli Şarviti “Şin Bet”-in- daxili təhlükəsizlik xidmətinin rəhbəri təyin edib.
Ali Məhkəmənin sözgedən xidmətin hazırkı rəisinin işdən çıxarılması barədə Baş nazirin qərarının aprelin 8-dək dondurulması barədə qərar çıxarmasına baxmayaraq, Netanyahu belə addım atıb.
“Yeddi uyğun namizədlə müsahibələr aparan Baş nazir Benyamin Netanyahu İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı vitse-admiral Eli Şarviti “Şin Bet”-in növbəti direktoru təyin etmək qərarına gəlib”, – Baş Nazirlik Ofisinin bəyanatında deyilir.
“Şin Bet”-in hazırkı rəhbəri Ronen Barın işdən çıxarılması ilə bağlı məhkəmə hələ yekun qərar vermədiyi üçün Şarvitin nə vaxt və necə rəsmi olaraq vəzifəyə başlaya biləcəyi bəlli deyil.
Netanyahu martın 21-də Barın istefaya göndərildiyini elan edərək , ona davamlı etimadsızlıq göstərib. Lakin İsrail müxalifətinin və qeyri-hökumət təşkilatının petisiyalarından sonra İsrail Ali Məhkəməsi Barın işdən çıxarılmasını dayandırıb. Bar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı İsrailin təhlükəsizliyini təmin etməməkdə icra hakimiyyətini günahlandırdıqdan sonra onun hökumətlə münasibətləri pisləşib.
Hüquqşünaslar və müxalifət liderləri xəbərdarlıq edirlər ki, məhkəmə Ronen Barın işdən çıxarılmasını ləğv edərsə, məhkəmə və icra hakimiyyəti arasında münaqişə yarana bilər və ölkə konstitusiya böhranı ilə üzləşə bilər.
Baş prokuror Qali Baharav-Miara Baronun işdən çıxarılmasına dair qərardan dərhal sonra bildirib ki, Netanyahuya yeni “Şin Bet” rəhbəri təyin etmək qadağan edilib. O, həmçinin Netanyahuya maraqların toqquşması ilə bağlı şübhələrini ifadə edib. Bununla belə, Baş nazir təkid edir ki, daxili təhlükəsizlik xidmətinə kimin rəhbərlik edəcəyi onun hökumətindən asılıdır.
Minlərlə israilli keçən həftə Barın işdən çıxarılmasına etiraz edərək, Qəzzada saxlanılan girovların geri qaytarılmasını tələb edib. Etirazçılar parlament tərəfindən seçilmiş siyasətçilərə hakimlərin təyinatında daha böyük təsir imkanları verəcək qanuna etiraz ediblər. Bu qanunu Netanyahu hökuməti təklif edib.