
Son illərdə dünyada sürətlə inkişaf edən texnologiyalar arasında peyk interneti xüsusi yer tutur. Məhz bu sahədə inqilabi addımlar atan “SpaceX” şirkətinin “Starlink” layihəsi artıq Azərbaycan üçün də aktiv edilib. Bu, ölkəmizdə internet istifadəçiləri üçün yeni imkanlar vəd edir.
Bu barədə xidmətin portalında məlumat verilib.
“Starlink” xidməti ABŞ-li məşhur milyarder və novator İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən həyata keçirilir. Şirkət tərəfindən orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edilir. 2022-ci ilin dekabr ayında “SpaceX” Bakıda “Starlink Azerbaijan” MMC adlı şirkət qeydiyyatdan keçirərək, ölkəmizdə fəaliyyətə başlayıb.
Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata “Starlink Standart Kit” əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.
“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.