
Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.
Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb.
O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.
“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.
Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirib ki, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
“Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılmış və aktlaşdırılmışdır. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”, – məlumatda bildirilib.