
Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı hər hansı sülh sazişinin həyata keçirilməsində iştirak etməli olacaq, belə ki, Rusiya bu saziş çərçivəsində birlik tərəfindən ona qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılmasını tələb edə bilər.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Amerikalı rəsmilər avropalı həmkarlarına bildiriblər ki, Aİ Ukraynayla bağlı hər hansı sülh sazişində iştirak etməli olacaq, çünki Rusiya sövdələşmənin bir hissəsi kimi blokun tətbiq etdiyi sanksiyaların yumşaldılmasını istəyir”, – məlumatda qeyd olunub.
Mənbələrin məlumatına görə, Vaşinqton həmçinin Avropadakı həmkarlarına bildirib ki, prioritet hərbi əməliyyatların dayandırılmasıdır və bundan sonra digər məsələlər, o cümlədən Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri müzakirə olunmalıdır.
ABŞ dövlət katibi Marko Rubio martın 12-də bildirib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları və ölkənin dondurulmuş aktivləri ilə bağlı məsələlər gələcək danışıqlarda müzakirəyə çıxarılacaq.