
ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığı Rusiya və Ukrayna arasında sülh razılaşması üçün uzun bir yol keçilməli olduğunu, Kremlin bu yolda hələ də əsas maneə olduğunu göstərir.
Nəşr qeyd edir ki, Tramp indi seçim qarşısındadır: ya güzəştə getməsi üçün Putinə real təzyiq göstərmək, ya da Ukraynadan daha çox güzəşt qoparmaq üçün Kiyevə təzyiq göstərmək.
Eyni zamanda, daha bir dilemma var. Tramp ya Putinə güvənib sülhə nail olmağa cəhd etmək, ya da onu sövdələşməyə məcbur etmək üçün təzyiq göstərmək dilemması qarşısındadır ki, bu halda da Amerika liderinin Vaşinqtonla Moskva arasında əlaqələri bərpa etmək istəyi uğursuzluğa düçar ola bilər.
“Tramp həqiqətən qırğını dayandırmaq istəyir, o, bunu anlaşılmaz hesab edir. Amma o başa düşmür ki, Putin üçün bu, nə qədər böyük görünsə də, ödəməyə hazır olduğu qiymətdir”, – Trampın Rusiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Fiona Hill qəzetə açıqlamasında deyib. Onun sözlərinə görə, Putin Ukraynada dominantlıq etmək və Rusiyanın bütövlükdə Avropadakı mövqeyini gücləndirmək istəyir.
Nəşr qeyd edib ki, Rusiya görünməmiş sanksiyalara rəğmən öz iqtisadiyyatını uğurla müharibə şəraitində yenidən strukturlaşdırıb, ticarətini Çin və Hindistan kimi tərəfdaşlara yönləndirib. Nəticədə müharibədə qalib gələ biləcəyini hiss etdiyi üçün Rusiyanı sülhə məcbur etmək son dərəcə çətin olacaq.
Kremlin Putin-Tramp söhbəti ilə bağlı verdiyi məlumata görə, Putin Ukraynadan kənara çıxan güzəştlərə də ümid edir. Jurnalistlər qeyd ediblər ki, bunu Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyətin müzakirəsi, həmçinin Rusiya ilə ABŞ arasında əsas beynəlxalq və ikitərəfli məsələlər üzrə əməkdaşlıq sübut edir.
“Bu, ABŞ ilə ikitərəfli münasibətləri Ukraynadakı müharibədən ayırmağa çalışan Putin üçün açıq-aydın taktiki qələbədir. Putinin tam atəşkəs təklifini rədd etməsi və eyni zamanda, güzəştə getmədən vəziyyəti öz xeyrinə çevirməyi bacarması son dərəcə vacibdir”. Bunu isə qəzetə Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya deyib.
Bununla belə, bəzi analitiklər hər şeyə rəğmən sülh razılaşmasının bir qədər sonra əldə oluna biləcəyini düşünürlər. Onlar anlaşılmazlıqların və yanlış hesablamaların qarşısını almaq üçün daha uzun danışıqlar ideyasını yüksək qiymətləndirirlər. Eyni zamanda qeyd edilir ki, Tramp daha geniş və davamlı sülh sazişinə ümidini qoruyaraq, Ukrayna ilə bağlı sövdələşməni bağlamaq üçün çətin yol keçməli olacaq.
Trampın Ukraynadakı keçmiş nümayəndəsi Kurt Volker isə deyib: “Bu, uzun bir proses olacaq. Putin hələ də maksimalist tələblərinə nail ola biləcəyini düşünür”. /azpolitika.info