
Sabiq bankirin xanımının malikanəsi və qolf klubu satışa çıxarılıb, vəsaitin 70 faizi Azərbaycana qaytarılacaq
Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londondakı malikanəsi və qolf klubu satışa çıxarılıb. Mal-mülkə ilkin olaraq 19 milyon 500 min funt sterlinq qiymət qoyulub. Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) 6 illik təhqiqatından sonra Askotdakı qolf klubun və Naytsbricdəki evinin müsadirəsinə razılaşıb.
Ötən ilin payızında bu aktivlərin satışa çıxarılacağı bilinib. Britaniyanın Milli Cinayət Agentliyi deyib ki, Zamirə Hacıyeva bu dəbdəbəli əmlakı Azərbaycanda “külli miqyasda dələduzluq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması yolu ilə dövlət bankının talanması nəticəsində” əldə edib. Zamirə Hacıyeva məhkəmə boyu ittihamları qəbul etməyib. O, Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Məhkəmə ondan mübahisə obyekti olan var-dövlətinin qanuni maliyyə mənbəyini göstərməyi tələb edirdi. Əvvəlki məhkəmələrdə Hacıyevaya aid aktivlərin ümumi məbləği 26 milyon funtdan çox, təxminən 56 milyon manat dəyərləndirilib.
Zamirə Hacıyeva ilə razılaşmaya əsasən, əmlaklar satışından əldə olunan vəsait Britaniya dövlətinin nəzarətində olacaq. Zamirə Hacıyevaya əmlakların hərracla satışından əldə edilən məbləğin 30 faizi veriləcək. 70 faizdən isə Milli Cinayət Agentliyinin xərcləri çıxılacaq və sonra yerdə qalan vəsait Azərbaycana qaytarılacaq. Hacıyevanın hüquqlarını qoruyan Gherson vəkillik şirkətinin açıqlamasına görə, Zamirə Hacıyeva ona görə razılaşmaya gedib ki, onu müdafiə etmək mümkün olmayıb.
Cahangir Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub, hazırda vəzifə saxtakarlığı, vergidən yayınma və mənimsəmə ittihamları ilə 16 illik həbs cəzası çəkir. NCA ötən il bildirmişdi ki, qolf klubu və evin irimiqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma nəticəsində əldə olunmasına inanır. Qurumun məlumatına görə, bu aktivlərin alınmasında istifadə olunan vəsaitin mənbəyinə dair “ağlabatan” izah tapılmayıb. Qolf klubu 4.25 milyon funt-sterlinqə, ev isə 14.75 milyon funt-sterlinqə satışdadır. Vaxtilə Hacıyevanın “Harrods” ticarət mərkəzində 10 il ərzində 16 milyon funt-sterlinq (21.3 milyon dollar) xərclədiyi üzə çıxmışdı, onun 4.9 milyonu zinət əşyalarına sərf olunmuşdu. NCA sözçüsü ötən il deyirdi ki, qolf klubu və evin satışından əldə olunan pulun 70 faizi hökumətə keçəcək, 30 faizi Zamirə Hacıyevaya qaytarılacaq. Zamirə Hacıyeva üçün işləyən hüquq firması ötən il bildirmişdi ki, o və ailəsi “indi öz həyatlarına davam edə bildikləri üçün xoşbəxtdirlər”. “Gherson LLP” onu da bildirib ki, Böyük Britaniyada istintaq aparıldığı müddətdə Azərbaycan hakimiyyəti Hacıyeva və vəkillərinin Bakıda həbsxanada Cahangir Hacıyevlə əlaqə qurmasına qəsdən mane olub. Azərbaycan hakimiyyətinin bu iddiaya münasibəti bəlli deyil. Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. Amma özünü təqsirli bilməyib. O, həmin vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayıblar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyiblər.
Zamirə Hacıyeva ilə bağlı araşdırmalar başlarkən, onun Londonun məhşur mağazası Harrodsda təxminən 35 milyon manat xərcləməsi ilə dünya mediasının diqqətini çəkib. Bu, günə təxminən 7-8 min manat deməkdir. O, çay və qəhvəyə təxminən 50 min, meyvə və tərəvəzə 21 min, Godiva şokoladlarına 69 min manat xərcləyib, Britaniya mediası məhkəmə sənədlərinə istinadən yazıb. Məhkəmədə o da aşkar olunub ki, Hacıyeva bu 10 il ərzində təxminən 545 min manat oyuncaq mağazasında xərcləyib. Bundan başqa, o bu illər ərzində on minlərlə manatlıq zinət əşyası və geyim alıb./musavat.com