
“Dünya yenicə başlayan və dinamik inkişaf edən transformasiyalardan keçir. Başlanmış hər şey yaxın gələcəkdə tamamlanmayacaq və son şəklini almayacaq. Ona görə də biz Cənubi Qafqaz ölkələrinin yaranan tendensiyaları və onlara hazırlıq dərəcəsini nəzərdən keçirməyə çalışacağıq…”
Bu barədə politoloq, Cənubi Qafqaz Tədiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov “Facebook” səhifəsində yazıb.
Ekspertin dünyada baş verən proseslərin Cənubi Qafqaz regionuna mümkün təsirləri ilə bağlı təhlilini oxuculara təqdim edirik:
ABŞ və AB arasında parçalanma

Prezident Tramp asılılıq alətlərinin tam arsenalından istifadə edərək Avropanı parçalayır. Burada əsas intriqa Avropa İttifaqı (Aİ) ölkələrinin öz gündəmlərini nə dərəcədə inkişaf etdirə biləcəkləridir. Hazırda ancaq qızğın müzakirələr gedir. ABŞ-də növbəti seçkiləri gözləməyə ehtiyac yoxdur, Tramp çox cəld hərəkət edir.
Azərbaycan bu parçalanmanı məmnunluqla izləyir. ABŞ/Aİ-nin vahid mövqeyi son dövrlərdə problemdən başqa heç nə yaratmadı. Cənubi Qafqaz regionu geosiyasi fay xətləri məkanına çevrilirdi.
Ermənistan isə ABŞ/Aİ ilə tam sinxronluğa arxalanıb və hətta müəyyən məqamlarda bu qüvvənin regionda moderatoru kimi çıxış edib, xüsusən də ABŞ/Aİ-nin Gürcüstanla münasibətlərindəki gərginlik fonunda. İndi Ermənistandan əvvəlki kimi yox, fərqli gözləntilərə malik olacaq iki fərqli mərkəzlə münasibətləri rəsmiləşdirmək üçün uçurumun dibinə baxıb gözləmək lazımdır.
Gürcüstan bu dövrə böhran vəziyyətində daxil olub və ABŞ Prezidentinin diskursunu və çxışlarını təkrarlamaqla Tramp administrasiyasına stavka edərək, ABŞ və Aİ arasında yaranmış uçurumdan istifadə etməyə çalışır. ABŞ və Aİ arasında parçalanma Gürcüstan hökumətinə ən qiymətli sərvətini verdi: vaxt.
ABŞ və Rusiya arasında münasibətlərin normallaşması
Prezident Tramp Ukraynadakı müharibəyə istinad etmədən Rusiya ilə sabitləşmə və sonradan normallaşma kursu təyin edib. Hazırda Moskva və Vaşinqton Ukrayna və digər geosiyasi və iqtisadi sahələrlə bağlı məsələlərdə qarşılıqlı gözləntilərini ifadə ediblər. Ölkələrin mövqelərinin bir-birinin gözləntilərinə uyğunlaşdırılması prosesi gedir. Dinamikadan asılı olmayaraq, stabilləşmə prosesi ətalət şəkildə irəliləyir.
Rusiyanın Ukraynaya təcavüzünə başlayandan sonra Azərbaycan ABŞ və Rusiya arasındakı ziddiyyətlərlə oynamamağa, öz məsələlərini – dövlətin bütün ərazisində suverenliyinin bərpasını həll etməyə çalışdı. Bu müddət ərzində həm Rusiya, həm də ABŞ ilə münasibətlərdə qığılcımlar yaranıb.
Ermənistan isə əksinə, Rusiya ilə ABŞ arasındakı münaqişədən istifadə etdi. Ermənistan hökuməti ABŞ-yə anti-Rusiya ritorikasını məharətlə “satdı” və bunun müqabilində siyasi, iqtisadi və hərbi yardımlar aldı. Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Ermənistanın mövqeyini devalvasiya edir, ABŞ-nin Ermənistana yardımını davam etdirməsinə haqq qazandırmaq üçün yeni məzmun tapmalıdır.
Ukrayna müharibəsi zamanı Gürcüstan ABŞ-nin Rusiyaya qarşı mübarizəsindən uzaqlaşmağa çalışırdı. İlk mərhələdə hazırkı sabitləşmə Tbilisinin maraqlarına uyğundur, lakin ABŞ-nin maraqlarının zəifləməsi Rusiyanın fəallaşmasına səbəb ola bilər və Tbilisinin bu dövrdə Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığın yeni səviyyəsi vasitəsilə Rusiya ilə münasibətlərində balansı rəsmiləşdirməsi vacibdir.
İranın mövqeyinin zəifləməsi
İran ətrafında vəziyyət təhdidedici xarakter alır. ABŞ ilə sazişin tərəfdarları azlıqda qalır. Cənubi Qafqaz ölkələrinin bu prosesdə təsiri azdır. Azərbaycan öz mövqeyini bir daha bəyan edib ki, ölkə ərazisi və hava məkanı İrana qarşı istifadə edilə bilməz. İranda baş verən hadisələrdən asılı olmayaraq, Bakı Tehranla münasibətlərdə məsafə saxlayacaq.
Ermənistan İran-ABŞ, İran-Avropa formatında rol oynamağa çalışdı. İrəvan öz ərazisində Qərb-İran münasibətlərində güzəştli münasibəti rəsmiləşdirə bildi. Lakin ABŞ və İran arasında münasibətlərin pisləşməsi Ermənistanı çətin vəziyyətə salacaq. ABŞ-nin Ermənistana davamlı dəstəyinin bədəli İrana qarşı kampaniyada rol alması ola bilər.
Bu tendensiyanın Gürcüstana minimal təsir göstərməsinə əsas səbəb İran və Gürcüstan arasında ümumi sərhədin olmamasıdır.
İlkin nəticələr:
• Böyük ölkələr getdikcə daha praqmatik və özlərinə qapanır.
• Fəal geosiyasət üçün resurslar məhdudlaşır.
• Kiçik ölkələrin dəyişən dünyada öz rolu ilə bağlı mövqelərini inkişaf etdirmək üçün hələ vaxtları var”.