
Azərbaycan və Qazaxıstan 2024-ci ilin dekabrında Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılmasında sıx əməkdaşlıq edir.
Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov “The Astana Times” nəşrinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Qazaxıstan hökuməti tərəfindən yaradılmış xüsusi dövlət komissiyası təyyarə qəzasının səbəblərinin araşdırılmasını davam etdirir. İlkin hesabat yanvarda dərc edilib.
“Hazırda ölkələrimizin müvafiq qurumları bu məsələdə sıx əməkdaşlıq edir. Araşdırmada qazaxıstanlı həmkarlarla yanaşı, azərbaycanlı mütəxəssislər də iştirak edir. Mən Aktauda işləyən azərbaycanlı mütəxəssislər və tibb işçiləri üçün bu çətin günlərdə lazımi şəraitin təmin edilməsinə görə Qazaxıstan tərəfinə təşəkkür etmək istərdim”, – o bildirib.
Səfirin sözlərinə görə, 38 nəfərin, o cümlədən Qazaxıstanın altı vətəndaşının həyatına son qoyan faciə iki xalq arasında dərin həmrəyliyi nümayiş etdirib.
“Bu faciə qəlbimizdə dərin iz buraxsa da, bizi daha da yaxınlaşdırdı. Bir daha bütün dünyaya nümayiş etdirildi ki, biz qardaş xalqlarıq. Təkcə sözdə deyil, əməldə də. Necə deyərlər, dost dar gündə tanınar. Biz bunu burada, Qazaxıstanda öz gözlərimizlə gördük”, – A.Atamoğlanov vurğulayıb.
Səfir həmçinin təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən Qazaxıstan hökuməti, fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarının səylərini qeyd edib.
“Təyyarə qəzasından sonra Qazaxıstanın bütün müvafiq xidmətləri dərhal reaksiya verib. Biz onların həm qəza zamanı, həm də daha sonra operativ fəaliyyətinin şahidi olduq. Sadə vətəndaşlar qan vermək üçün növbəyə düzülürdülər. Qazaxıstan rəhbərliyi xilasetmə işlərinin gedişini diqqətlə izləyib və bütün lazımi tədbirləri görürüb”, – o əlavə edib.
Qeyd edək ki, AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.
Xatırladaq ki, qəza 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.