
Polşanın keçmiş Prezidenti və “Həmrəylik” hərəkatının lideri Lex Valensa və digər 39 keçmiş Polşa siyasi məhbusu ABŞ Prezidenti Donald Trampa məktub yazaraq Volodimir Zelenski ilə görüşündəki atmosferdən qəzəbləndiklərini bildiriblər.
Məktubun tam mətnini oxuculara təqdim edirik:
“Zati-aliləri, cənab Prezident! Biz, Sizin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinizin hesabatını qorxu və ikrahla izlədik. Rusiyaya qarşı mübarizə aparan Ukraynaya ABŞ-nin verdiyi maddi yardıma görə minnətdarlıq gözləməyinizi təhqiredici hesab edirik. Minnətdarlıq, azad dünyanın dəyərlərini müdafiə üçün canından-qanından keçən qəhrəman Ukrayna əsgərlərinə düşür. Onlar artıq 11 ildən çoxdur ki, bu dəyərlər və vətənlərinin müstəqilliyi uğrunda – Putin Rusiyasının təcavüz etdiyi torpaqlarında – ön cəbhədə canlarından keçirlər.
Azad dünyanın simvolu olan bir ölkənin lideri bunu necə görə bilmir, başa düşə bilmirik.
Bizim təşvişimizə səbəb olan başqa bir məqam isə Oval Kabinetdə bu söhbət zamanı yaranan atmosferin bizə yaxşı tanış olan təhlükəsizlik xidməti istintaq otaqlarını və kommunist məhkəmələrindəki debat otaqlarını xatırlatması oldu. Hakimiyyətin əlində bütün imkanların olduğunu bildirən prokurorlar və hakimlər işimizi dayandırmağı tələb edirdilər, çünki guya bizim ucbatımızdan minlərlə günahsız insan əziyyət çəkirdi. Hakimiyyətlə əməkdaşlıqdan və minnətdarlıq göstərməkdən imtina etdiyimiz üçün bizi azadlıq və vətəndaş hüquqlarımızdan məhrum edirdilər. Cənab Prezident Volodimir Zelenskiyə də eyni cür münasibət göstərilməsinə heyrətlənirik.

XX əsrin tarixi göstərir ki, hər dəfə ABŞ demokratik dəyərlərdən və Avropadakı müttəfiqlərindən uzaqlaşmaq istəyəndə, bu, onların özləri üçün təhlükəyə çevrilir. 1917-ci ildə ABŞ-nin Birinci Dünya müharibəsinə qoşulmasına qərar verən Prezident Vudro Vilson bunu başa düşürdü. Prezident Franklin Delano Ruzvelt də bunu anlayaraq, 1941-ci ilin dekabrında Perl Harbora hücumdan sonra Amerikanın müdafiəsi uğrunda müharibənin yalnız Sakit okeanda deyil, həm də Avropada – Üçüncü Reyxin hücumuna məruz qalan ölkələrlə ittifaqda aparılmasına qərar verdi.
Biz xatırlayırıq ki, Prezident Ronald Reyqan və ABŞ-nin maliyyə dəstəyi olmasaydı, Sovet İttifaqı imperiyasının çökməsi mümkün olmazdı. Prezident Reyqan başa düşürdü ki, sovet Rusiyasında və onun işğal etdiyi ölkələrdə milyonlarla insan əsarət altındadır, o cümlədən demokratik dəyərləri müdafiə etdiklərinə görə azadlıqlarını itirən minlərlə siyasi məhbus. Onun böyüklüyü, o cümlədən, SSRİ-ni “Şər İmperiyası” adlandırmaqdan çəkinməməsi və ona qarşı qətiyyətli mübarizə aparması ilə ölçülürdü. Biz qalib gəldik və bu gün Varşavada, ABŞ səfirliyinin qarşısında Prezident Ronald Reyqanın heykəli ucalır.
Cənab Prezident, maddi yardım – hərbi və maliyyə – Ukraynanın, Avropanın və bütövlükdə azad dünyanın müstəqilliyi və azadlığı naminə tökülən qanla eyni dəyərdə ola bilməz. İnsan həyatı əvəzsizdir, onun dəyəri pulla ölçülə bilməz. Minnətdarlıq, qanı və azadlığı ilə qurban verənlərə düşür. Bizim üçün – “Solidarnost” hərəkatının üzvləri, Sovet Rusiyasına xidmət edən kommunist rejimin keçmiş siyasi məhbusları üçün bu, açıq-aydındır.
Biz ABŞ-ni 1994-cü il Budapeşt Memorandumunda Böyük Britaniya ilə birlikdə Ukraynanın toxunulmaz sərhədlərini qorumaq üçün verdiyi zəmanətdən geri çəkilməməyə çağırırıq. Bu zəmanətlər qeyd-şərtsizdir: həmin sənəddə belə bir yardımın iqtisadi mübadilə kimi qəbul edilməsinə dair heç bir qeyd yoxdur”./azpolitika.info