
Xocalı soyqırımı nifrət zəminində törədilmiş kütləvi qətldir.
Bunu ABŞ bürosuna açıqlamasında “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” (“Tovuz to Karabakh: A Comprehensive Analysis of War in South-Caucasus”) kitabının müəllifi, Çində fəaliyyət göstərən beynəlxalq jurnalist, siyasi analitik Malik Ayub Sumbal deyib.
O, kitabında Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişə, Ermənistanın Azərbaycan torpaqlarındakı işğal siyasəti və törətdiyi cinayətləri geniş şəkildə təhlil etdiyini bildirib:
“Bu, Qarabağda baş verən son müharibədən sonra dərc edilən ilk kitabdır. Azərbaycan müharibədən sonra 30 il işğal altında qalan torpaqlarının 20%-ni azad etdi. Kitab həmin bölgədəki vəziyyətin dərin analizini təqdim edir və münaqişənin necə beynəlxalq diqqət mərkəzinə çevrildiyini göstərir. Sevindirici haldır ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa nail oldu”.
Malik Ayub Sumbal söyləyib ki, kitabda Xocalıya həsr olunmuş ayrıca bir fəsil var:
“Kitabımda bu dəhşətli qətliamın detalları və onun soyqırım kimi tanınmasının vacibliyi vurğulanır. Günahsız insanların qətli cəzasız qala bilməz, ədalət tələb olunmalı və cinayətkarlar beynəlxalq hüquqa uyğun cəzalandırılmalıdır”.
Siyasi analitik vurğulayıb ki, Xocalı faciəsi müasir tarixdə beynəlxalq media tərəfindən qeydə alınmış ən dəhşətli soyqırımlardan biridir:
“Bir gecədə 600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi etnik təmizləmənin ən dəhşətli nümunələrindən biridir. Bir çox ölkə Xocalı soyqırımını pisləyib və ədalət tələb edir. Azərbaycan xalqı bu faciəni unutmur və hər il günahsız faciə qurbanlarını anır. Xocalı faciəsinin ildönümündə insanların necə dərindən sarsıldığını və itirilmiş sevdiklərinin həsrətini çəkdiyini görürəm. Hələ də itkin düşən çoxlu sayda insan var. Mən bu faciənin qurbanlarını dərin hüzn və ehtiramla yad edir, ruhları qarşısında baş əyirəm”.