
“ABŞ ilə danışıqları Rusiya yox, Putin, onun klanı və ailəsi aparır”.
Bunu tanınmış rusiyalı hüquq-müdafiəçisi, “Gulagu.net” layihəsinin rəhbəri Vladimir Oseçkin son efirində deyib.
Oseçkin Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda diplomatiyaya heç bir aidiyyatı olmayan Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyevin iştirak etməsinin təsadüfi olmadığını qeyd edib. Onun dediyinə görə, Dmitriyev Vladimir Putinin qızı Yekaterina Tixonovanın(Putinanın) ən yaxın rəfiqəsi olan Natalya Popovanın əridir: “Yadınızdadırsa, bir zaman “Yeltsinin ailəsi” deyərkən, onun qızı Tatyana Dyaçenko, onun əri Valentin Yumaşovla yanaşı, Boris Berezovski, Roman Abramoviç və s. nəzərdə tutulurdu. İndi isə “Putinin ailəsi” Ər-Riyada nümayəndə heyətilə gəlib. Onlardan biri Kirill Dmitriyevdir. Lavrov və digərləri amerikalılarla dialoq qurmağa çalışarkən, həmin vaxt Dmitriyev ABŞ mətbuatı ilə və digər jurnalistlərlə danışırdı. Formal olaraq o, Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı olsa da, onun əsas “vəzifəsi” Yekaterina Tixonovanın(Putinin qızı) ən yaxın rəfiqəsi və “sağ əli” Natalya Popovanın əri olmasıdır”.

Oseçkin iddia edib ki, Putin ailəsinin “dili və qulağı” olan Kirill Dmitriyev öz açıqlamaları və məlum təklifləri ilə(ABŞ neft şirkətlərinin Rusiyaya qayıtması və s.) amerikalıları “satın almağa” çalışır. Çünki ailənin onların dəstəyinə ehtiyacı var: “Ər-Riyad danışıqlarında ikinci sırada oturanlar arasında milyarder, “Monako” futbol klubunun sahibi Dmitri Rıbolovlev var idi. Buyurun, ailənin “yeni Roman Abramoviçi”.
Oseçkin Trampın və İlon Maskın davranışlarını, onların Putinin ünvanına təriflərini, eləcə də Putindən sitatlar gətirmələrini “Amerika üçün alçaldıcı hal” adlandırıb. Onun dediyinə görə, Ər-Riyadda keçirilən danışıqlar formal, görüntü xarakterlidir və nə ABŞ Dövlət katibi Marko Rubio, nə də Segey Lavrov heç nə həll etmir, razılıq artıq Putinlə Tramp arasında əldə edilib. Bu razılığa əsasən isə Ukrayna ilə bağlı 3 mərhələli plan(atəşkəs, seçki, sülh müqaviləsinin imzalanması) həyata keçirilməli, həmin mərhələlərdən biri seçki keçirilməsi və Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması olmalıdır. Lakin bunun asan olmayacağını deyən Oseçkin ümumilikdə bu yanaşmanın ABŞ və Tramp üçün biabırçılıq olduğunu qeyd edib. Onun dediyi kimi, 25 il Rusiyanı diktatura üsulu ilə idarə edən, ötən ilin fevralında özünün əsas siyasi rəqibi olan Aleksandr Navalnını həbsxanada öldürən, barəsində Beynəlxalq Məhkəmənin həbs qərarı çıxardığı Putinin Ukraynaya və ya hər hansı bir ölkəyə seçki ilə bağlı nəyisə diqtə etməsi, ABŞ-nin isə onunla eyni mövqedən çıxış etməsi utancvericidir./azpolitika.info