![putin-tramp-trump-yeni](https://aktualinfo.org/wp-content/uploads/2025/02/putin-tramp-trump-yeni.jpg)
Trampla Putin arasında telefon danışığı rəsmi şəkildə baş tutdu və hər iki tərəfin müsbət siqnalların yer aldığı açıqlamasında Ukraynadakı müharibənin dayandırılması, sülh danışıqlarının başlanması yönündə razılaşma əldə edildiyi qeyd olunur. Əslində bu, noyabr ayından etibarən davam edən pərdəarxası danışıqlarda yekun razılıq əldə olunduğu və telefon danışığı ilə hər şeyin rəsmiləşməsi deməkdir.
Qeyri-rəsmi müzakirələrdə tərəflərin gündəliyini müəyyən qədər təxmin etmək mümkü idi:
– ABŞ Ukraynada güzəştlər və sanksiyaların yumlaşması qarşılığında müharibənin dayandırılmasını təklif edir;
– Bu vəziyyəti öz “üstünlüyü” kimi qiymətləndirən Rusiya barı yüksək tutaraq, Ukrayna ilə kifayətlənmir, müharibədən öncə ABŞ/NATO qarşısında irəli sürdüyü tələbləri yenidən aktuallaşdırır, hərçənd, bu daha çox “yüksək tələb”lə istədiyinə nail olmaq gedişidir.
Trampın Oval kabinetə girişindən dərhal sonra Rusiyaya ultimatim ünvanlaması, ardınca Putinin ritorikanı yumşaltması və geri çəkilməsi Moskvanın “barı aşağı saldığı”, tərəflərin Ukrayna üzərində ortaq məxrəcə yaxınlaşdığı fikrini ön plana çıxarırdı. Nəhayət, Putin-Tramp xəttində rəsmi telefon danışığı bunu təsdiqlədi.
Razılaşmanın detalları bəlli deyil, lakin əsas motivin Rusiyanın Ukraynada zəbt etdiyi ərazilər üzərində de-fakto nəzarətinin tanınması olduğu ehtimalı güclüdür. Tərəflərin “danışıqlar yolu ilə uzunmüddətli nizamlanmanın əldə edilməsi” qeydini bu cür oxuya bilərik. Mövcud şərtlərdə:
– Vaşinqton anlayır ki, Rusiyaya Ukraynada güzəşt edilmədən razılaşmaq mümkün deyil;
– Moskva da anlayır ki, ağır itkilər verdiyi müharibədə yeganə “qələbəsi” bu ola bilər.
Trampın Putinlə söhbətdən dərhal sonra Zelenski ilə bir saata yaxın davam edən telefon danışığı da mümkün razılaşmanı Kiyevə qəbul etdirmək gedişi kimi görünür. Zelenski daha öncə “təhlükəsizlik təminatı qarşılığında razılaşmanın mümkün olduğu”na işarə etmişdi. İstisna deyil ki, Tramp-Zelenski danışığı bu detalların müzakirəsinə həsr olunub. Mümkün razılaşmanın tərəflər üçün konkret nəticələri ola bilər:
– Rusiya ağır itkilər hesabına işğal hücumunu müəyyən qazanc-qələbə ilə başa vurur, həmçinin geosiyasi perspektivdə zəif də olsa, “böyük oyunçu” statusunu təmin edir;
– Ukrayna de-fakto ərazi itkiləri hesabına “Avropa ölkəsi” olur;
– ABŞ əsas qazanan tərəf kimi strateji rəqibi Çinə fokuslanır və Pekinə qarşı Moskvanın müəyyən dəstəyini-neytrallığını əldə edir: analoji mövqeyin Yaxın Şərq-İran cəbhəsinə də şamil ediləcəyi gözləniləndir.
Hərçənd, bu ssenari Tramp və Putinin nəzəri razılaşması – istəyidir, praktiki müstəvidə reallaşması asan olmayacaq. Xüsusilə İngiltərənin addımları hadisələrin inkişafına yön verə bilər, yaxud birinci anlaşmada olduğu kimi, indi də bunu bacarıb-bacarmayağından çox şey asılıdır./axar.az