![usaid](https://aktualinfo.org/wp-content/uploads/2025/02/usaid.jpg)
Nəhayət ki, ABŞ-nin dünyada məşhur olan Beynəlxalq İnkişaf Agentliyi – USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu gəldi. Azərbaycana qarşı qərəzli, böhtan xarakterli materialları sifariş edən mərkəzi elə ABŞ-nin özü ifşa etdi.
Tramp administrasiyasının Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask hətta USAID-i cinayətkar təşkilat adlandırıb və onun “peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin” böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradıb hökuməti aldadaraq vəsait qazandığını deyib.
ABŞ-də və dünyada USAID haqqında bu cür sərt qərarların veriləcəyini heç kim gözləmirdi. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində Tramp administrasiyasının USAID-lə bağlı konkret addımlar atacağına ümid etdiyini bildirmişdi.
ABŞ administrasiyası indi də faktiki olaraq hər gün USAID-lə bağlı ifşaedici materiallar dərc edir. İllərlə müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlik fəaliyyət göstərilib. Atılan addımlar da onu deməyə əsas verir ki, daha USAİD maliyyələşdirdiyi QHT və media vasitəsi ilə buna cəhd göstərməyəcək.
İstənilən halda, Donald Trampın USAID-in baş qərargahının bağlanması və orada ciddi yoxlamalara başlanılması haqqında qərarı təqdirəlayiqdir. Məlum qərar imkan verəcək ki, orada kök salmış cinayətkar, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.
ABŞ-dən başlayan anti-USAID hərəkat artıq bir sıra ölkələrdə ciddi rezonans doğurub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, USAID, NED və digər qurumlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər. Baş nazir yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə, səfirlik, USAID, NED və digər müvafiq qurumlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini bildirib.
Ardınca da, Qazaxıstan parlamentinin iclasında Xalq Partiyasından olan deputatlar bu ölkənin ictimai təşkilatlarının xaricdən aldığı yardımlar barədə bütün hesabatların açıqlanmasını tələb ediblər. Onlar ABŞ-nin USAID dövlət agentliyinin maliyyə vəsaitlərindən məqsəddənkənar istifadə edilməsi ilə bağlı məlumata belə reaksiya veriblər. Məlumata görə, 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqlarının və bərabərliyin gücləndirilməsinə iki milyon dollar ayırıb.
Son araşdırmalar isə sensasion sayıla biləcək faktlar ortaya qoyub. Bəlli olur ki, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin müharibə vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.
![](https://static.report.az/photo/7ca0291c-87e6-34fe-be05-92a88bdeff00.jpg)
Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır.
Bundan əvvəl ABŞ-nin Dövlət İdarəetmə Effektivliyi Departamentinin rəhbəri İlon Mask bildirib ki, artıq “Politico”, “The New York Times” və “Associated Press” agentliyini maliyyələşdirmirlər. Onun məlumatına görə, Dövlət Departamenti “Associated Press”dən, Maliyyə Nazirliyi “The New York Times”dan, “Politico”dan imtina edib.
![](https://static.report.az/photo/16374373-7be8-3636-8337-8dde8082c66c.jpg)