Trampın iddia irəli sürdüyü ölkədən geri addım: Güzəştə gedirlər

 

ABŞ Dövlət katibi Marko Rubio Latın Amerikası səfərinə Panamadan başlayıb. Bu, səbəbsiz deyil. Panama kanalı Ağ Evin yeni sahibi Donald Trampın əsas mövzularından biridir. Onun fikrincə, vaxtilə ABŞ-nin inşa etdiyi və nəzarətdə saxladığı kanal ədalətsiz olaraq Panama dövlətinə təhvil verilib və bu “səhv” düzəldilməlidir.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rubio Panamadakı görüşlərə məhz bu mövzunun müzakirəsindən başlayıb:

“Panama Prezidenti Xose Raul Mulino Trampın təklifinin əleyhinə çıxsa da, Vaşinqtonla ortaq məxrəcə gəlmək istəyini gizlətməyib. Başqa cür olması da çətindir. ABŞ sanksiyaları kiçik Panamanı taqətsiz hala sala bilər.

Bəs Panamanın güzəşti nə ola bilər? Trampın kanalla bağlı iddiası belədir ki, Çin Amerikanın lap yaxınlığındakı ölkənin nəqliyyat xəttini az qala monopoliyaya götürüb. Söhbət Çinin Panama iqtisadiyyatına yatırdığı böyük investisiyalardan və iki Çin şirkətinin kanal sahilindəki iki böyük limanı nəzarətə götürməsindən gedir. Tramp Çinin Atlantik və Sakit okeanları birləşdirən mühüm ticarət yolu olan Panama kanalına nəzarət etdiyini iddia edib. Ağ Ev sahibi hesab edir ki, Çinin Panamaya artan yatırımları Pekinin bu ölkəyə təzyiqinin artmasıyla nəticələnib. Yəni Panama Çinin yatırımlarından asılı vəziyyətə düşdüyünə görə, Pekinin müxtəlif tələblərini yerinə yetirmək məcburiyyətindədir. Panamanın Vaşinqtona güzəşti həmin iki limanı Çin şirkətlərinin idarəsindən imtinası ola bilər.

ABŞ dövlət katibi ilə Panama prezidenti arasında söhbət qapalı şəraitdə keçirilib və mətbuata açıqlama verilməyib. Bunun özü onu göstərir ki, tərəflər kanal və Çinin bu kanal ətrafındakı limanlara sahiblənməsi mövzusunu geniş müzakirə ediblər. Aydındır ki, bu məsələlər qısa müddətdə həll olunmayacaq, dialoq davam edəcək. Ancaq orası da aydındır ki, Panama prezidenti amerikalı həmkarını çox gözlədərsə və ya Vaşinqtonun təkliflərindən imtina edərsə, sanksiyalarla üzləşəcək. Buna baxmayaraq, Vaşinqtonun hərbi yolla Panama kanalını ələ keçirmək kimi planı yoxdur. Vaşinqton diplomatik və sanksiyalar vasitəsilə Panamaya təzyiq edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password