Zaxarova Rusiya və Azərbaycan rəsmilərinin adından olan saxta məlumatları şərh edib
Azərbaycan və Rusiya rəsmiləri tərəfindən yazılmış saxta məktubların “yayılması”nın arxasında Bakı ilə Moskva arasındakı çoxillik münasibətləri pozmağa çalışanlar dayanır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tərəfindən yazılmış saxta məktubla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Əgər “bu kimə sərf edir?” sualını versək, aydındır ki, bu, Rusiya və Azərbaycan arasında normal münasibətlərin olmasını istəməyənlərə sərf edir. Xalqlarımız uzun illər sülh və hörmət içində yaşayıblar. Ümid edirəm ki, onlar bundan sonra da belə yaşayacaqlar. Bunu həzm edə bilməyənlər, ki belələri az deyil, məhz onlara bu lazımdır. Lakin konkret olaraq sifarişçinin kim olduğunu dəqiq deyə bilmərəm, bunun üçün müvafiq araşdırma aparılmalıdır”, – M.Zaxarova bildirib.
“Bu sifariş təkcə mövcud deyil, Qərb hətta milyardlarla pul ödədiklərini, eləcə də nəhəng Avrasiya məkanımızın daim təxribatlar və digər çirkli alətlərlə təzyiq altında saxlanılması üçün hər şeyə hazır olduğunu gizlətmir”, – Rusiya XİN-in nümayəndəsi bildirib.
Qeyd edək ki, yanvarın ortalarında internetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova göndərdiyi iddia edilən məktub yayılmışdı. Rusiya XİN bu məktubu reallıqla heç bir əlaqəsi olmayan saxtakarlıq adlandırıb. İngilis dilində yazılmış mətndə iddia edilirdi ki, Rusiya guya öz hava məkanından istifadənin təhlükəsizliyinə zəmanət verə bilmir.
Xatırladaq ki, Ayxan Hacızadənin adından yayılan saxta məlumatda isə AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi kimi quş sürüsü ilə toqquşma versiyasının təsdiqləndiyi bildirilib. O isə öz növbəsində bəyan edib ki, sosial şəbəkələrdə AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.