Moskvaya getdi, Putinə yalvardı, bu da nəticəsi…
Əslində Bəşər Əsəd rejimi 10 il əvvəl devrilməliydi. Suriya xalqı ayağa qalxmış, müxalif silahlılar Dəməşqə yaxınlaşmışdılar. Əsəd təcili Moskvaya getdi, rusiyalı həmkarı Putinə yalvardı, dəstək istədi. Putin əmr verdi, Rusiya təyyarələri müxalif qüvvələrin mövqelərini bombalamağa başladılar, Suriyada ikinci hərbi baza yaratdı, “Vaqner” muzdlularını bu ölkəyə göndərdi. Ədalət naminə onu da deyək ki, Rusiya o dönəmdə Suriyada terrorçi İŞİD-in də mövqelərini bombalayırdı. Ancaq bu bombalanma zamanı şəhərlər dağılır, mülki insanlar da həlak olurdu. Bunlar nəyin naminə baş verdi, onsuz da Bəşər Əsəd devrildi.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya Əsədin üstündən xətt çəkdikdən sonra Dəməşqə ilk nümayəndə heyətini göndərib:
“Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Dəməşqdə Suriyanın yeni lideri Əhməd Şara ilə görüşüb. Dəməşq hələ ki, Rusiyanın Suriyadakı hərbi dəniz limanının fəaliyyətinin əleyhinə deyil, ancaq iki tələbi var: Birincisi, Rusiya Suriyada yaratdığı dağıntılara görə təzminat ödəməli, ikincisi, Əsəd və onun yaxın ətrafını ekstradisiyasa etməlidir. Dəməşq bu tələblərində haqlıdır, sadəcə Kreml bunları yerinə yetirməyəcək. Təsadüfi deyil ki, Kreml Dəməşqin tələblərini cavab verməkdən yayınıb.
Dəhşətdir, Suriya və Ukraynanı bombalayır, hər iki ölkədə mülki insanları öldürür, Azərbaycana məxsus sərnişin təyyarəsini raketlə vurur, vətəndaşlarımız həlak olur və bütün bunlara görə məsuliyyətdən yayınmağa çalışır”./axar.az