Ankara Bəyannaməsi: “Sözümüz imzamızdır” – Yeni güc mərkəzi yaranır
Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci Üçtərəfli Görüşünün yekun sənədi olan Ankara Bəyannaməsinin imzalanması tarixi hadisədir. Bu tarixi sənəd əsasında üç qardaş ölkənin birgə addımlayacağı bir sıra sahələr üzrə razılıq əldə edilib. Atılan bu addımın perspektivi olduqca böyükdür.
Bunu sözləri açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistanın Ankara Bəyannaməsi imzalaması türk birliyinin daha da möhkəmlənməsinə xidmət edir:
“Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bizim ailəmiz, türk ailəsidir. Bu ailədə biz özümüzü çox xoşbəxt hiss edirik. Türk birliyinə inteqrasiya baxımından bu günə qədər bir sıra vacib qərarlar qəbul edilib. Həmin qərarlar mədəni, siyasi, iqtisadi və digər sahələrlə bağlıdır. Ona görə də üç qardaş ölkə arasında atılan növbəti addım olduqca önəmlidir. Bəyannamə məhz Azərbaycan Prezidentinin bəyan etdiyi “sözümüz imzamızdır” tezisinin növbəti təzahürüdür”.
Vitse-spiker hesab edir ki, Ankara Bəyannaməsinə oxşar razılaşmaların digər türk dövlətləri arasında da imzalanması qaçılmazdır:
“Zamanla biz buna nail olacağıq. Türk dövlətləri bütün sahələrdə birgə addımlamalıdırlar. Dünyada nizamın dəyişdiyi bir vaxtda türk dövlətlərinin birliyi, inteqrasiyası, əməkdaşlığı vacidbir. Azərbaycan, Türkiyə və Özbəkistan tərəfindən atılan addım digər türk dövlətləri üçün də nümunə kimi qəbul ediləcək. Məhz bu kontekstdə XXI əsr – türk əsri olacaq”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev də hesab edir ki, Ankarada üç türk dövlətinin – Azərbaycan, Türkiyə və Özbəkistanın atmış olduğu bu addım böyük önəm daşıyır.
“Prezident İlham Əliyev Milli Məclisdə inaqurasiyada çıxışında türk dövlətləri arasında dostluğun, qardaşlığın möhkəmlənməsinin anonsunu vermişdi. Ölkə başçısı bəyan etmişdi ki, bizim ailəmiz türk dünyasıdır. Artıq türk dünyasının möhkəmlənməsi və inkişafında, dünyaya bir güc olaraq təşkilatlanıb çıxmasında Prezident İlham Əliyevin tarixi rolu və xidmətləri danılmazdır. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) sürətlə inteqrasiya edir. Sosial-iqtisadi, siyasi, hərbi və digər platformalarda əməkdaşlıq daha da genişlənir. Bu mənada, Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin görüşü, əldə edilən razılaşma, verilən bəyanatlar türk dövlətləri arasında inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Dünyada sülhün, ədalətin təmin olunmasında tarixdə olduğu kimi türk xalqları öz töhfəsini verəcək. Ankara Bəyannaməsinə digər türk dövlətlərinin qoşulması da mümkündür. Bundan sonra türk dövlətləri bütün addımlarını birlikdə atacaq”.
Musa Quliyev türk dövlətləri arasında iqtisadi əlaqələrin, gömrük, vergi, sosial, məşğulluq sahəsində əməkdaşlığın perspektivlərindən də bəhs edib: “Türk dünyası böyük potensiala malikdir. İqtisadi potensial, təbii və insan resursları baxımından türk dövlətlərinin böyük perspektivi var. Qardaş Türkiyə ilə yanaşı, Özbəkistan da bu gün türk dünyasının Şərqdə parlayan ulduzudur. Özbəkistanın bugünkü sürətli inkişafı Orta Asiyada olan türk dövlətləri üçün də örnək sayılır. Azərbaycanın və Türkiyənin türk birliyinin daha da möhkəmlənməsində isə rolu olduqca böyükdür”.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə də Ankara Bəyannaməsinin tarixi əhəmiyyətini şərh edib:
“Tarixdə ilk dəfədir ki, Azərbaycan, Türkiyə və Özbəkistan rəsmiləri, nəqliyyat və ticarət məsələləri üzrə bir araya gəliblər. Məhz qardaş ölkələr kimi birgə mövqe nümayiş etdirmək, planları müzakirə etmək və gələcək üçün müəyyən perspektivləri razılaşdırmaq türk birliyi faktorunu daha da gücləndirir. Prezident İlham Əliyevin “bizim ailəmiz türk dünyasıdır” bəyanatı bir daha öz reallığını tapır. Azərbaycan, Türkiyə və Özbəkistan Orta Dəhliz konsepsiyasının tərkib hissəsidir. Bu üç ölkə olmadan Orta Dəhliz işləyə bilməz. Çindən Avropa qədər keçən bu dəhliz ətrafında yerləşən hər bir ölkənin bu günü və sabahı üçün böyük perspektivlər vəd edir. Üç qardaş ölkə bu məsələdə öz imkanlarını, resurslarını birləşdirmək qərarına gəlib. Burada nəqliyyat vektorunun gücləndirilməsi bu yoldan istifadə edənlərlə yanaşı, üç ölkənin də iqtisadi imkanlarını genişləndirmiş olacaq”.
Aydın Mirzəzadə üç qardaş ölkə arasında kooperasiya, qarşılıqlı sürətdə investisyaların yatırılmasının əhəmiyyətinə də toxunub:
“Azərbaycanla Özbəkistan arasında 500 milyon dollarlıq birgə İnvestisya Fondu mövcuddur. Bu fond Azərbaycanda və Özbəkistanda bir sıra layihələr həyata keçirir. Azərbaycanla Türkiyə iqtisadiyyatında olan investisyaların həcmi isə 20 milyard dollar həcmindədir. Bu da sözsüz ki, durmadan artır. Ona görə də Ankarada üç ölkənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin görüşü bu günə və sabaha olan planları müzakirə etməyə, ümumi razılığa gəlməyə, səmərəsi sonradan görünəcək bir sıra işlərin əsasının indidən qoyulmasına səbəb olub. Bu baxımdan üç qardaş ölkə arasındakı görüş siyasi, iqtisadi baxımından əhəmiyyətlidir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Siyavuş Novruzov da Ankara Bəyannaməsinin tarixi önəmindən danışıb:
“Qardaş ölkədə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, nəqliyyat və iqtisadiyyat nazirlərinin iştirakı ilə növbəti uğura imza atıldı. Regionda baş verən hadisələr, proseslərə münasibət, birgə Bəyannamənin qəbul edilməsi gələcəkdə görüləcək işlər barəsində planın təsdiq edilməsi türk dünyasının qarşısında duran vəzifələrinin icrasını ehtiva edir. Digər türk dövlətlərinin də bu prosesdə aktiv iştirakı gözlənilir. Artıq dövlət başçıları tərəfindən müvafiq addımlar atılıb. 2024-cü ilin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsindən irəli gələn məsələlər öz həllini tapır”.
Siyavuş Novruzov bildirib ki, Azərbaycan türk birliyində birləşdirici rol oynayır:
“Ölkəmiz Cənubi Qafqazla yanaşı, Avropa ilə Asiyanı birləşdirir. Çinin və Mərkəzi Asiyanın digər regionlarla inteqrasiyasında Azərbaycan mühüm rola malikdir. Bu istiqamətdə qardaş xalqların birgə iştirakı zəruridir. Məhz bu amil gələcək üçün böyük perspektivlər açmış olur”.