Zəngəzur dəhlizi üçün geri sayım: Əliyev son sözünü dedi
Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihəsinin uğursuzluğa düçar olduğunu və bunun qeyri-ciddi qəbul edildiyini göstərdi.
Bu barədə “Past” yazır.
“Ermənistan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Sülh kəsişməsi” layihəsi, demək olar ki, əvvəldən uğursuz cəhd idi. Əgər Qərb hələ də Paşinyanın başını sığallayır, qəzetində (“Haykakan Jamanak”) yazdıqlarını oxuyur və “ciddi tərz”də başını tərpədirsə, regionun heç bir ölkəsi, o cümlədən Azərbaycan bu layihəyə ciddi yanaşmır.
İlham Əliyev dünən bir daha bəyan etdi ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməlidir. Azərbaycan lideri bu kontekstdə Zəngəzur dəhlizinin açılmasının vacibliyini önə çəkdi”, – məqalədə deyilir.
Erməni nəşri İlham Əliyevin dəhlizlə bağlı bu açıqlamasına da yer verib:
“Zəngəzur dəhlizi bu gün beynəlxalq lüğətdə qəbul olunmuş termindir. Əlbəttə, biz bu dəhlizin açılması istiqamətində əməli addımlar atırıq. O da həqiqətdir ki, Ermənistan bu məsələyə qeyri-konstruktiv yanaşma nümayiş etdirir və 10 noyabr kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Həmin sənəddə açıq şəkildə göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin edilməlidir”.
Həmçinin Azərbaycan prezidenti vurğulayıb ki, “Sülh kəsişməsi” kağız parçasıdır və onun tələbləri yerinə yetirilməlidir:
“Ermənistan “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.
Nəşr qeyd edir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır, Paşinyanın təşəbbüsləri isə yalnız Qərb və öz ictimaiyyətini çaşdırmaq cəhdləridir.