Trampın gəlişindən sonra kriptovalyutalarla bağlı nə proqnozlaşdırılır?
Rəqəmsal valyutaların gələcəyi çağdaş dövrün, demək olar ki, əsas mövzularından birinə çevrilib. Artıq bu valyutalar dünyada geniş yayılması ilə yanaşı, hətta bəzi ölkələr tərəfindən onlara hüquqi status da verilib. Bu baxımdan elektron pulların gələcəyi ilə bağlı hər bir məlumat nəinki fiziki şəxslərin, həmçinin dövlətlərin də marağındadır.
Rəqəmsal dünya üçün əlverişli bir valyuta növü hesab edilən bitkoinin yanvarın 20-si tarixi maksimum qiyməti olan 109.588 dollara qədər bahlaşması isə bu valyutaya marağı birə-beş artırdı. Belə bir tarixi maksimumun qeydə alınması sözsüz ki gözlənilmədən olmadı. Belə ki, rekord nəticənin baş verdiyi gün həm də Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi inaqurasiya mərasiminin keçirildiyi vaxta təsadüf etdi. Elə buna görə də mütəxəssislər bahalaşmaya əsas səbəb kimi məhz bu amili vurğulayırlar.
Azərbaycanda da kriptovalyutalara, rəqəmsal valyutalara marağın kifayət qədər yüksək olduğunu nəzərə alaraq onların gələcəyi ilə bağlı istənilən amilin ciddi müzakirələrə səbəb olacağı istisna olunmur.
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev açıqlamasında deyib ki, D. Trampın innaqurasiya zamanı çıxışında kriptovalyutalar haqqında bir söz deməməsi kriptovalyuta camiyyəsinin gözləntilərini qarşılamayıb.
O bildirib ki, bundan sonra kriptovalyuta bazarında korreksiya müşhadə olundu və bu zaman bitkoin 99.777 dollara qədər eniş etdi: “Texniki analizə əsasən bitkoin üçün hazırda əsas dəstək mövqeyi 96.500-97.000, dirənc mövqeyi isə 105.800-106.200 dollar təşkil edir. Nəticə etibarı ilə indiki məqamda bütün diqqət ABŞ hökümətinin tənzimləmələr ilə bağlı qərarlarına yönəlib və növbəti qiymət dəyişkənliyi əsasən bu fundamental faktordan asılı olacaq.
Məlumat üçün qeyd edim ki, ABŞ hökuməti 21 milyard dollar dəyərində müxtəlif kriptovalyutalara sahibdir. Bu portfelə Bitcoin, USDT, USDC və UNI daxildir. Bununla da, ABŞ dünyanın ən böyük kriptovalyuta sahiblərindən biridir. Yanvarın 23-də D.Tramp “Rəqəmsal Maliyyə Texnologiyalarında Amerika Liderliyinin Gücləndirilməsi” adlı sərəncam imzalayıb. Kriptovalyuta sektorunun günlərlə gərgin gözləntisindən sonra Tramp nəhayət kriptovalyuta siyasətinin formalaşdırılması istiqamətində ilk mühüm addımını açıqladı. Sənədə əsasən, Maliyyə naziri, Ticarət naziri, Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədrinin və digər yüksək vəzifəli şəxslərin daxil olacağı işçi qrupun yaradılması tələb olunur”.
Mütəxəssisin sözlərinə görə, kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması və xüsusilə ABŞ-də bitkoin tərəfdarı kimi tanınınan Trampın prezident seçilməsi Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib: “Bu faktorlar insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib. Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb”.
“Lakin ölkəmizdə bu, hələ ki, həvəskar investorlar səviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmləri yoxdur. Ümid edirəm ki, cari ilin sonuna qədər hüquqi statusun verilməsi ilə bağlı qərar qəbul ediləcək. Azərbaycanda kriptovalyutalara hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq”, – deyə E. Quliyev fikrini tamamlayıb.
Qeyd edək ki, tənzimləyici orqan kimi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası) ölkə iqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlil olunur. Artıq bir neçə ildir ki, AMB CBDC üzrə konseptual yanaşmanın formalaşdırılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçinin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Hətta bir neçə il bundan öncə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım əldə etdiyini açıqlamışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda rəqəmsal valyutanın tətbiqi ilə bağlı rəsmi qurumlar tərəfindən də ciddi təşəbbüslər irəli sürülüb və bu davam etməkdədir.
Ümumilikdə, rəqəmsal valyutaların təkcə maliyyə dünyasına deyil, həm də iqtisadiyyata, sosial quruluşlara və hüquqi sistemlərə təsir göstərməsi gözlənilir.