Elektron imtahana keçid – Test üsulu ləğv edilir?
Bir müddət öncə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə yaxın gələcəkdə imtahanların rəqəmsal formada keçiriləcəyini bildirib. Onun sözlərinə görə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2 000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Bəs, imtahanların rəqəmsallaşdırılması prossesi nə zamandan başlayacaq və təhsilə necə təsir göstərəcək?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, hələlik iştirakçı sayı olan imtahanların elektron formada kompüterlər vasitəsilə keçirilməsi nəzərdə tutulur.
“Məsələn, artıq dövlət qulluğuna qəbul imtahanları (bütün növ və qruplar üzrə) yalnız elektron formada olacaq. Bu həftə magistratura səviyyəsi üzrə sınaq imtahanı da Bakı və rayonlarda (DİM-in regional bölmələrində) kompüterlər vasitəsilə elektron qaydada təşkil olunacaq”, – mərkəzdən qeyd edilib.
Sualları cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, imtahanların rəqəmsallaşdırılması və elektron formada keçirilməsi təhsildə qiymətləndirmə prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli islahat kimi qiymətləndirir.
“Azərbaycanda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən atılan addımlar həm müsbət, həm də riskli tərəfləri ilə ciddi təhlil tələb edir. Elektron imtahanlar ənənəvi kağız formatlı imtahanlardan fərqli olaraq, şəffaflığı və səmərəliliyi artırmaq məqsədi daşıyır. Lakin bu prosesin həyata keçirilməsi üçün texnoloji, hüquqi və sosial aspektlərdə bir sıra dəyişikliklər və uyğunlaşmalar zəruridir.
Statistik məlumatlara əsasən, 2023-cü ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 100 mindən çox abituriyent iştirak edib. Bu qədər geniş miqyaslı imtahanların rəqəmsal platformaya keçirilməsi texniki baxımdan böyük bir çağırışdır. İmtahanların elektronlaşdırılması resurslardan səmərəli istifadəni təmin etməklə yanaşı, həm də nəticələrin operativliyini artırır. Lakin burada əsas məsələ regionlar arasında texnoloji bərabərsizlik və bu keçidin təhsilin keyfiyyətinə təsiridir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, təhsil prosesində texnologiyaların tətbiqi təhsilalanların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün təminat yaratmalıdır. Elektron imtahan sistemi bu qanunun tələblərinə uyğun olaraq obyektivliyin artırılmasında mühüm rol oynaya bilər”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, rəqəmsallaşmanın müsbət tərəflərindən biri şəffaflığın təmin olunmasıdır.
“Elektron sistemlər vasitəsilə imtahan sualları avtomatik təsadüfi şəkildə seçilir, cavablar isə insan müdaxiləsi olmadan qiymətləndirilir. Bu, imtahan prosesində subyektivliyə və korrupsiya riskinə son qoyur. Məsələn, hazırda elektron imtahanlar daha kiçik miqyaslı sertifikatlaşdırma proseslərində sınaqdan keçirilib və obyektivliyin təmin olunmasında müsbət nəticələr əldə edilib. Beynəlxalq təcrübədə də bu metodun effektivliyi sübut olunub. Estoniya kimi rəqəmsal idarəetmədə lider ölkələrdə artıq orta və ali təhsil səviyyəsində imtahanların böyük hissəsi rəqəmsallaşdırılıb və bu yanaşma dövlətin və təhsilalanların xərclərini əhəmiyyətli dərəcədə azaldıb.
Lakin Azərbaycanda bu keçidin tətbiqi zamanı nəzərə alınmalı olan bir neçə mənfi amil də var. Əsas problemlərdən biri texniki infrastrukturun qeyri-bərabərliyidir. Regionlarda, xüsusilə ucqar kəndlərdə internet bağlantısının keyfiyyəti və kompüter texnologiyalarının əlçatanlığı kifayət qədər zəifdir. Bu, imtahan iştirakçıları arasında bərabərsizliyə səbəb ola bilər. 2021-ci ilin statistik məlumatlarına görə, Azərbaycanın internet istifadəçilərinin 78%-i genişzolaqlı internetə malikdir, lakin bu rəqəm daha çox şəhər yerlərinə aiddir. Kənd yerlərində isə bu göstərici xeyli aşağıdır. Bu şərtlərdə rəqəmsal imtahanların tətbiqi texnoloji resursların bütün ölkə üzrə balanslı şəkildə artırılmasını tələb edir.
Digər bir problem kibertəhlükəsizlik və məlumat məxfiliyi ilə bağlıdır. Elektron sistemlərin tətbiqi ilə birlikdə sualların sızdırılması, nəticələrin manipulyasiyası kimi risklər artır. Bu cür halların qarşısını almaq üçün müasir şifrələmə sistemlərinin tətbiqi, məlumatların qorunması üçün beynəlxalq standartlara uyğun mexanizmlərin yaradılması vacibdir. Bu istiqamətdə “Məlumatların mühafizəsi haqqında” Azərbaycan qanunvericiliyi də yenidən nəzərdən keçirilməlidir ki, rəqəmsal imtahan sistemində şəffaflıq və məxfiliyin qorunması təmin edilsin.
Azərbaycanın bu istiqamətdə irəliləyişi üçün elektron imtahan sisteminə keçid yalnız texniki yeniliklərlə məhdudlaşmamalıdır. Prosesin uğurla həyata keçirilməsi üçün:
• Regionlarda internet və kompüter təminatı gücləndirilməlidir;
• Müəllim və şagirdlər üçün rəqəmsal bacarıqları artıracaq təlimlər təşkil olunmalıdır;
• Kibertəhlükəsizlik və məlumat məxfiliyi üzrə beynəlxalq təcrübəyə əsaslanan tədbirlər görülməlidir;
• Sistem sınaq mərhələsində kiçik miqyaslı tətbiq olunaraq nəticələr analiz edilməli və problemlər aradan qaldırılmalıdır.
Bu tədbirlər həyata keçirilərsə, elektron imtahan sistemi təhsil sahəsində yeni bir mərhələnin başlanğıcı ola bilər. Bu yanaşma, həmçinin, təhsildə şəffaflığı təmin etməklə bərabər, ölkənin rəqəmsal transformasiyasına töhfə verəcəkdir. Lakin bu keçidin bütün iştirakçılar üçün ədalətli və effektiv olması üçün problemlərin qabaqcadan proqnozlaşdırılması və həlli istiqamətində ciddi addımlar atılmalıdır”, – deyə o fikirlərini yekunlaşdırıb./trend.az