“Bu, Putin üçün strateji məğlubiyyət olacaq” – “Ukraynaya hərbi yardımın artırılması təhlükəsi artır”
ABŞ-nin yeni prezidenti Donald Tramp seçki kampaniyası zamanı hakimiyyətə gəldikdən sonra Ukraynada müharibəni cəmi 24 saat ərzində bitirəcəyini vəd etsə də, başa düşməli oldu ki, bu münaqişəyə son qoymaq asan məsələ deyil.
“The Times” nəşrində dərc edilən məqalədə belə deyilir.
Nəşr qeyd edib ki, Tramp inauqurasiya nitqində Ukraynanın adını çəkməyib. Buna baxmayaraq, ABŞ Prezidenti dəfələrlə bildirib ki, müharibəni bitirmək onun prioritetlərindən biridir: “İndi Tramp administrasiyası daha az iddialı öhdəliyi yerinə yetirməyə söz verir: müharibəni aylar ərzində bitirmək”.
Nəşr vurğulayır ki, daha real vaxt hədəflərinin qoyulması hətta Amerika qüdrətinin də bu münaqişədə hər şeyə qadir olmadığını və bunun da öz sərhədlərinin olduğunu göstərir.
Yazıda qeyd olunur ki, müharibədə böyük itkilərdən sonra nə Ukrayna, nə də Rusiya təslim olmaq fikrində deyil. Hətta Trampın hakimiyyətə gəlməsi də bu durumu asdanlıqla dəyişməyəcək: “Məlum olduğu kimi, yeni ABŞ Prezidenti “Rusiyaya zərər vermək istəmədiyini” bəyan edib və “rus xalqına olan sevgisindən” danışıb. Bununla bərabər o vurğulayıb ki, Moskva ilə razılığa gəlmək mümkün olmasa, Rusiya Federasiyası və onun müttəfiqlərinə qarşı əlavə sanksiyalar tətbiq etməli olacaq”.
Nəşr vurğulayıb ki, sanksiyalar Rusiyanın enerji resurslarının əsas alıcıları olan Çin və Hindistana şamil oluna bilər. Bununla yanaşı, Moskva üçün Ukraynaya hərbi yardımın artırılması təhlükəsi artır. Bunu Trampın müşaviri Robert Uilki deyib.
Nəşr hesab edir ki, Rusiya öz iqtisadi problemlərini gizlətməyə çalışsa da, onların mövcud olduğu tam göz qabağındadır: “Yalan rəsmi məlumatlar real 16-30% inflyasiyanı və dövlət maliyyəsi üzərində böyük yükü gizlədə bilmir. Bunu müharibə veteranlarına verilən müavinətlərin azaldılması da sübut edir”.
Nəşr xatırladıb ki, hazırda Zelenski Amerika və digər müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, səfərbərlik yaşını 18 yaşa endirmək istəmir. Jurnalistlər qeyd ediblər ki, çağırış məsələsində belə bir dəyişiklik Ukrayna rəhbərliyi üçün siyasi baxımdan ölümcül ola bilər.
Nəşr onu da vurğulayır ki, Trampın sülh planının reallaşması çox güman ki, ərazi güzəştləri olmadan mümkün olmayacaq. Ukrayna üçün bu, ərazisinin beşdə birinin faktiki olaraq itirilməsi demək ola bilər. Bunun müqabilində Kiyev Qərbin təhlükəsizlik zəmanətini alacaq. Nəşr əmin edir ki, Trampın sülh planının işləməsi üçün Amerika və Avropa qoşunları Ukraynaya yerləşdirilməlidir. Putin üçün isə bu, strateji məğlubiyyət ola bilər. Lakin buna baxmayaraq o, hətta bu şərtlər daxilində də özünü, öz hakimiyyətini xilas edə, saxlaya biləcək.
Bütün bunlarla yanaşı, Trampın sülh planına skeptik yanaşanlar da kifayət qədər çoxdur. Məsələn, Ukraynanın ABŞ-dəki keçmiş səfiri Valeri Çalıyın fikrincə, Trampın yeganə düzgün qərarı Putinə yerini göstərmək ola bilər. Onun fikrincə, yalnız ABŞ-nin yeni prezidenti “Vladimir Putinin sifətinə yumruq vurmaq” lazım olduğunu başa düşəndə normal danışıqlar prosesi başlayacaq. Digər bir çox ekspertlər kimi, ukraynalı diplomat da qeyd edib ki, Rusiya Federasiyasının rəhbəri ilə dialoq güclü mövqedən aparılmalıdır.