Azərbaycanda korrupsiya risklərinin idarə edilməsi qaydaları müəyyənləşir
Azərbaycanda korrupsiya risklərinin idarə edilməsi qaydaları müəyyənləşir.
Bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni maddənin əlavə olunması təklif edilir.
Dəyişiklik layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edəcək.
Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.
Həmçinin orqanda hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılacaq.
Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.
Korrupsiya risklərinin müəyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərə alınacaq:
– hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;
– korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmaların nəticələri;
– mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar;
– orqanın fəaliyyətini tənzimləyən hüquqi aktlar;
– orqanın fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait yaradan hallar;
– orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlı müvafiq qərarlar.
Eyni zamanda korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülən işlər barədə məlumatlar hər il iyunun 1-dək Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməlidir.
Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanacaq.
Komissiya ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.