ADNSU-nun rektoru ilə bağlı daha bir iddia – “Saxta profil açaraq hirş indeksini süni şəkildə şişirtmiş…” + FOTO
2007-2024-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Elektronika və avtomatika” kafedrasında müəllim vəzifəsində işləmiş, bərk cisimlər fizikası ixtisası üzrə fəlsəfə doktoru Xanməmmədova Elmira Ələsgər qızı universitet rəhbərliyinə qarşı müəyyən ittihamlar olan daha bir yazı göndərib. Həmin yazını zəruuri redaktə ilə dərc edirik.
Yazıda əks olunan iddialarla bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Elmira Xanməmmədova“Ümummilli lider, öndərimiz, müasir Azərbaycanımızın memarı Heydər Əliyev kimi şəxsiyyətin tələbəsi olduğu bir universitet elmdən və təhsildən xəbəri olmayan dosentlər Vazeh Əskərov, Qasım Məmmədov və Fərid (Frunzik) Ağayev kimi şəxslərin əlində əsirə çevrilmişdir.
Birinci olaraq onu qeyd edim ki, universitetdə şəffaflıq deyilən bir hadisə yoxdur. Şəffaflıq və etibarlılıq elmi aləmdə çox mühüm anlayışlardır, xüsusilə də dünya səviyyəli universitetlərin və elmi qurumların inkişafında. Əgər bir rəhbərin öz hərəkətləri saxta fəaliyyət üzərində qurulubsa, bu, onun çalışdığı qurumun etibarını zədələyir. Elmi bazalara qarşı etimadsızlıq yaradan belə hərəkətlər, tədqiqatçıların işinə və elmi inkişafın şəffaflığına kölgə salır.
Dosent Vazeh Əskərov özünə saxta profil açaraq hirş indeksini süni şəkildə şişirtmiş və beləliklə özü haqqında yüksək peşəkarlığa malik elm insanı imici yaratmağa çalışmışdır. Bu hərəkətləri ilə o, bütün təhsil ictimaiyyətini və tələbələri aldatmışdır. Amma mənim Elm və Təhsil Nazirliyinə dosent Vazeh Əskərovlar haqqında ünvanladığım yazılı ərizədən sonra o profilini yeniləmiş və yeni məqalələr daxil etmişdir.
Köhnə profil
Yeni profil
Universitetə rəhbərlik edən şəxsin elmi peşəkarlığı və yüksək nümunəvi davranışları olmalıdır. Bu rəhbərliyin ilkin atributlarındandır. Amma saxta profil açan bir şəxsin isə ADNSU kimi nüfuzlu universitetin kollektivinə hansı gələcək vəd etməsi isə göz qabağındadır.
Məhz dosent Vazeh Əskərovun əməllərindən xəbərdar olan dosent Qasım Məmmədov və dosent Fərid Ağayev də perspektivli müəllimlərə qənim kəsilərək onları repressiya maşınları ilə əzməkdədirlər. Stanford kimi nüfuzlu bir universitetin dünya alimləri üçün yaratdığı baza kimi layihələrin də şübhəyə alınması təəssüf doğurur və elmi ictimaiyyət üçün ciddi narahatlıq mənbəyinə çevrilir.
Buna dünya alimlərini günahlandırmaqla özünə bəraət qazanmağa çalışması isə acizlik əlamətidir. Onun, yəni Vazeh Əskərovun, bütün elmi-pedaqoji fəaliyyətini araşdırmaqla necə bir insan olduğu ortaya çıxa bilər. Əgər ehtiyac varsa, mənim göstəricilərimlə dosent Vazeh Əskərovun göstəricilərini müqayisə etməyiniz kifayətdir.
ADNSU-nun rektoru vəzifəsinin müvəqqəti icra edən, primitiv texniki biliklərə malik olmayan, elmimetrik bazalarda özünün göstəricilərini saxtalaşdıran, fransiz dili mütəxəssisindən texniki ali məktəbin rəhbərliyinə qədər yüksələn amma universitetdə özbaşınalıqları daha da alovlandıran, savadsızlığı ucbatından Qasım Məmmədov kimi adı müxtəlif əməllərdə hallanan şəxsin əlində alətə çevrilməsi ilə necə barışır?! Özünə sual verir ki, mən bu universitetin uğurlu keçmişinə necə xəyanət edirəm?! Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının flaqmanı olan ali məktəbi niyə məhv edirəm?! Niyə orada savadlı kadrları uzaqlaşdırır?!
Elmdən və təhsildən uzaq birisinin tarixi keçmişə və strateji əhəmiyyət kəsb edən ali təhsil müəssisəsinə rəhbərlik edərək onu uçuruma aparması isə faciənin astanasında olmağımızın işarəsidir.
Universitetdə müşahidə olunan özbaşnalıq hallarını ziyalı cəmiyyətimiz üçün həm utancverici, həm də narahatedici hesab edirəm. Digər saxtakarlıq faktları və videogörüntülər yaxın zamanda mediaya təqdim olunacaq. İnanıram ki, bu məsələlər cəmiyyətimizdə şəffaflıq və ədalətin bərqərar olması üçün ciddi addımların atılmasına səbəb olacaqdır”./azpolitika.info