Türkiyənin əməliyyatından öncə ABŞ-dən xəbərdarlıq
Türkiyənin Suriyanın şimalında PKK/YPG/SDQ terror təşkilatına qarşı hərbi əməliyyat elan etməsindən sonra ABŞ-dən diqqətçəkən açıqlama gəlib.
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin haqlı narahatlıqlarının olduğunu və əcnəbi terrorçuların Suriyadan çıxmalarını ehtiva edən həll yolunu tələb etdiyini bildirib.
“Bu, müəyyən vaxt aparacaq bir prosesdir. Bu arada bir münaqişə Suriyada şahidi olduğumuz bütün müsbət hadisələrin xeyirinə olmayacaq. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – dövlət katibi deyib.
Yanvarın 20-də vəzifəyə başlayacaq Donald Tramp administrasiyasına da məsləhət verən Blinken İŞİD terror təşkilatının yenidən canlanmaması üçün çox güclü addımlar atmalı olduğunu qeyd edib: “Burada kritik məqam “Suriya Demokratik Qüvvələri”nin (SDQ) indiyə qədər gördükləri işləri davam etdirməsinə şərait yaratmaqdır”.
ABŞ müdafiə naziri Lloyd Ostin də məsələ ilə əlaqədar açıqlama verib.
“SDQ bizim üçün yaxşı müttəfiq olub. Ancaq nə vaxtsa SDQ-nin Suriya ordusu ilə inteqrasiyasına nail olmaq mümkündür. Ardınca Suriya İŞİD üzvlərinin qaldıqları bütün düşərgələri nəzarətə götürə və bunları qoruya bilər. Amma indi hesab edirəm ki, biz öz maraqlarımızı qorumalıyıq”, – Ostin vurğulayıb.
ABŞ SDQ/YPG terror təşkilatını “İŞİD-lə mübarizədə müttəfiq”i kimi görür. Türkiyə ona qarşı yönəlmiş bu əməkdaşlığa dəfələrlə etiraz edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan bundan əvvəl terror təşkilatının Suriyanın gələcəyində yeri olmadığını bildirib:
“YPG-nin məhv edilməsi bizim strateji hədəfimizdir. Ya özlərini buraxacaqlar, ya da bunu onlara etdirəcəklər, yəni yox olacaqlar”.
Suriyanın yeni lideri Əhməd Şəra da ölkədə rəsmi ordudan başqa heç bir qüvvənin qəbul edilməyəcəyini və PKK/YPG-nin varlığına imkan verməyəcəklərini açıqlayıb.