PKK ilə bağlı Öcalanla razılaşma əldə edildi – Şərtlər dəyişdi
Hazırda PKK terror təşkilatının lideri Abdullah Öcalanın azad edilməsi və ya ev dustaqlığına buraxılması müzakirə mövzusu deyil.
Bunu Türkiyənin “TGRT Haber” kanalının redaktoru Fatih Atik deyib.
“Öcalan bu mərhələdə birmənalı şəkildə İmralıda (həbsxana) qalacaq. Həm can təhlükəsizliyi, həm də təpkilərə görə Öcalanın İmralıda qalması ilə bağlı razılıq əldə olunub. Gələcəkdə şərtlər dəyişə bilər”, – jurnalist bildirib.
Atik Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət qurumlarının prosesi idarə etdiklərini vurğulayıb:
“Bir çox məsələlərdə razılıq əldə olunub. İmralı ilə danışıqlar aparanlar təkcə DEM Partiyasının üzvləri deyil. Elə adlar var ki, çoxdan ora gediblər, bu adlar gizli qalsa yaxşı olar”.
Jurnalist Öcalanın razılaşma çərçivəsində PKK-ya müraciət edəcəyini söyləyib:
“Bunu Cümhur İttifaqındakı (AKP-MHP) mənbələrdən təsdiqlədikdən sonra deyirəm. Yanvarın sonuna qədər çox mühüm gəlişmələr olacaq. Heç bir şey yolunda getməsə, Öcalan ən geci fevralın ortalarında separatçı terror təşkilatını silahları susdurmağa çağıran yazılı mətn yayımlayacaq”.
Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırıb. Onun fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.
Ötən günlərdə İmralıda DEM Partiyasının üzvləri ilə görüşən PKK başçısı çağırışa müsbət cavab verib: “Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”.
Öcalanla görüşdən sonra DEM hakim Ədalət və İnkişaf Partiyası (AKP) və MHP də daxil olmaqla, Türkiyənin əsas siyasi partiyaları ilə təmaslara başlayıb.