Ötən il Azərbaycanda sığorta növləri üzrə yığım və ödənişlər necə dəyişib?
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda bir sıra sığorta növlərinin yığım və ödənişlərində artım qeydə alınıb.
Bu barədə Mərkəzi Bankın statistik göstəriciləri əsasında hesablamalar aparıb.
Apardığımız hesablamalara görə, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığortalar üzrə 309,6 milyon manat sığorta haqqı toplanıb. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7% və ya 13,9 milyon manat çoxdur.
Sözügedən dövr ərzində ölkədə icbari sığortalar üzrə ödənişlərin dəyəri isə 125,9 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 27,1% və ya 26,8 milyon manat çox deməkdir.
Həmçinin, ötən ilin ilk 11 ayında Azərbaycanda kredit sığortası üzrə yğımlar isə 4,8 milyon manata bərabər olub. Bu isə bir il əvvəlki göstəricilərlə müqayisədə 41,1% və ya 1,4 milyon manat çoxdur. Eyni zamanda dövr ərzində ölkədə kredit sığortası üzrə ödənişlərin həcmi 69,4 min manat olub ki, bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 22 dəfədən çox artım deməkdir.
Qarışıq maliyyə riskləri üzrə yığımlara gəldikdə, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda bu sığorta növü üzrə yığımlar 480,9 min manat təşkil edib ki, bu, bir il əvvəlki göstəricilərdən 7,9% və 35,4 min manat çoxdur.
Yığım və ödənişlərində artım tempi qeydə alınan sığorta növlərindən biri də həyat sığortasıdır. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası üzrə 446,5 milyon manat sığorta haqqı toplanıb, 587,5 milyon manat isə sığorta ödənişi edilib. Bir il əvvəlki göstəricilərlə müqayisə etsək, bu sığorta növü üzrə yığımlar 10,5% və ya 52,2 milyon manat azalıb, ödənişlər isə 315,9 milyon manat və ya 2 dəfədən çox artıb.
Dövr ərzində qeyri-həyat sığortası üzrə yığımlar 121,6 milyon manat, ödənişlər isə 325 milyon manat olub. Bu isə 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən müvafiq olaraq 192,3 milyon manat (61,3%) az və 198,3 milyon manat (2,5 dəfə) çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında ölkədə 32,8 miloyon manat dəyərində əmlak sığortası üzrə yığım həyata keçirilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 82,8% və ya 158,4 milyon manat azdır. Qeyd olunan dövr ərzində bu sığorta üzrə ödənişlərin həcmi isə 201,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin ilk 11 ayına nisbətən 5,5% və ya 10,5 milyon manat çoxdur.
Həmçinin, 2024-cü ilin yanvar-noyabrında Azərbaycanda mülki məsuliyyətin sığortası üzrə 19,3 milyon manat sığorta haqqı toplanıb, 127,6 min manat isə sığorta ödənişi edilib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 milyon manat (və ya 15,1%) və 12,6 min manat (və ya 9%) azdır.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta növləri üzrə ümumilikdə 1,2 milyard manat sığorta haqqı toplanıb, 694 milyon manat isə sığorta ödənişi edilib.