Kürdlərlə bağlı gizli plan: Suriya lideri xəbərdarlıq etdi
Suriyada Əsəd rejiminin devrilməsindən sonra küncə sıxışdırılan PKK/YPG terror təşkilatını xilas etmək üçün ABŞ yeni administrasiya ilə anlaşaraq “kürd federasiya zonası” yaratmaq planı qurmağa başlayıb.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, ABŞ nümayəndə heyəti bu məqsədlə dünən Suriyanın Qamışlı şəhərində bəzi kürd siyasi partiyaları ilə görüşüb:
“BasNews”un əldə etdiyi məlumata görə, görüşdə kürd siyasi partiyalarından birləşərək Suriyanın gələcək siyasi prosesində iştirak etmələri istənilib. Toplantıda Suriyada “federal quruluş”un yaradılmasında kürd partiyalarının birliyinin zəruriliyi vurğulanıb.
Suriya Kürd Milli Şurasının aparıcı simalarından biri olan Süleyman Oso görüşdən sonra “BasNews”a danışıb:
“ABŞ və Avropanın Suriyadakı əhəmiyyətini yüksək qiymətləndiririk. ABŞ-ın Suriya və Yaxın Şərqdəki rolunun vacibliyini görürük. İcmaların hüquqlarını dəstəkləmək vacibdir”.
Oso Suriyada mümkün federallaşma ilə bağlı qeyd edib:
“Dünyanın bir çox qüdrətli ölkəsi federal quruluşa malikdir, biz də Kürd Milli Şurası olaraq kürd birliyinin vacibliyini vurğulayırıq”.
Ölkənin yeni administrasiyanın rəhbəri Əhməd Şəra SDQ/PYD terror təşkilatının nümayəndələri ilə görüşərək, Suriyanın ərazi bütövlüyündən güzəştə getməyəcəklərini açıqlayıb və terrorçulardan silahlarını yerə qoymağı tələb edib:
“Biz heç vaxt Suriyanın bölünməsi və ərazi bütövlüyünün pozulmasına heç bir şəraitdə, hətta muxtariyyət və ya federal administrasiya adı altında da icazə verməyəcəyik. Suriyanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Dövlətdən başqa heç kimin əlində silah olmasını istəmirik, istəsələr, Müdafiə Nazirliyimizin sıralarında əsgərlər ola bilərlər. Yalnız silahlarınızı yerə qoysanız, danışıqları davam etdirəcəyik”.
Türkiyə də Suriyanın gələcəyində terror təşkilatlarına yer olmadığını bildirib və PKK/YPG-nin silahlarını yerə qoyaraq işğal etdikləri bölgələrdən çəkilməsini tələb edib.