Kiyev NATO zəmanəti ilə münaqişənin nizamlanmasına hazırdır
“Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür”.
Bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir. İkincisi, hərbi yardımıdır”, – deyə o vurğulayıb.
Eyni zamanda, Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq.
“Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.
Söhbət əsnasında Fridman Ukraynada münaqişəyə son qoymaq üçün sazişlərin bağlanmasını arzuladığını deyib və mümkün tarix kimi 25 yanvarı qeyd edib. Yanvarın 20-də ABŞ prezidentliyinə keçdikdən sonra dərhal nizamlanmaya nail olmaq niyyətində olduğunu dəfələrlə bəyan edən Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Ukrayna lideri isə vurğulayıb ki, rəsmi Kiyev yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır:
“Əvvəla, düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gündə – siz bunu sadəcə 25 yanvar adlandırırsınız və buna etiraz etmirəm, biz ilk növbədə Trampla oturacağıq. Müharibəni necə dayandırmaq barədə onunla razılaşırıq. İkincisi Avropadır, çünki biz Avropanın bir hissəsiyik və Avropanın da söz sahibi olması bizim üçün çox vacibdir. Bundan sonra artıq ruslarla söhbət ola bilər”.
Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.
Eyni zamanda, bu söhbətlər nəticəsində Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutmayan sazişin imzalanmasının mümkün olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq, Zelenski birmənalı cavab verməsə də, Budapeşt Memorandumunun imzalanması zamanı belə bir cəhdin edildiyini və uğursuzluqla başa çatdığını qeyd edib: “Ukraynanın nüvə silahı var idi. Bunun yaxşı və ya pis olduğunu mühakimə etmək istəmirəm. Bu gün bizdə olmaması pisdir”.