Hesablama Palatasının sədri: “Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir”

 

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı vəzifələrin icrası ekoloji auditlərin sayının artırılmasından keçir.

Bunu müsahibəsində Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

“2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Bakıda COP29-un keçirilməsi Palatanın məsuliyyətini artırmaqla bu sahə üzrə keçirilən auditlərin sayına da artırıcı təsir edib. Ötən ilin İş Planında 2 ekoloji auditi – “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni və “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni nəzərdə tutmuşduq. Səmərəlilik auditlərinin kifayət qədər əmək və vaxt resursu tələb etməsi fonunda hər iki ekoloji auditi bu növdə keçirməyimiz, düşünürəm ki, mövzunun bizim üçün nə qədər aktual olduğunu əyani sübut edir”, – deyə o qeyd edib.

Sədrin sözlərinə görə, həmin auditlərdən 1-nin nəticələri rəsmiləşdirilib: “İctimaiyyətə artıq məlumat vermişik. Bu auditin əsas nəticələrini ümumi şəkildə ifadə edə bilərəm. Kanalizasiya və çirkab sularının Kür çayına axıdılmasını, drenaj şəbəkəsinin böyük hissəsinin yararsız vəziyyətdə olduğunu, yüksək su itkisinə yol verildiyini, şoranlaşmış və yaxud duzlaşmış torpaqlarda xüsusi tədbirlərin lazımi qaydada həyata keçirilmədiyini, torpaqların şorlaşmasının da təsiri ilə ölkədə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəricilərinin əvvəlki illərlə müqayisədə azaldığını müəyyən etmişik. Audit prosesində aşkarladığımız nöqsanların aradan qaldırılması istiqamətində təkliflərimizi aidiyyəti qurumlara təqdim etmişik. Digər auditin nəticələrinin rəsmiləşdirilməsi prosesini yaxın zamanda həyata keçirəcəyik və bundan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Ekoloji auditlər sahəsində gördüyümüz digər bir fəaliyyət kimi ötən ilin sonuncu rübündə Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısına ev sahibliyi etməyimizi nümunə göstərə bilərəm. Bu tədbirdə ətraf mühit problemlərinin həllində audit institutunun rolunun artırılmasını müzakirə etdik və bu sahədə təcrübə mübadiləsi apardıq, əsas problemlərə və ali audit orqanları olaraq üzləşdiyimiz əsas çətinliklərə toxunduq. Bu toplantı bir daha göstərdi ki, ali audit orqanları da öz növbəsində ətraf mühitin qorunması ilə bağlı vəzifələrini yerinə yetirməyə çalışmalıdırlar və bu vəzifələrin icrası ekoloji auditlərin sayının artırılmasından keçir”, – deyə o əlavə edib.

V.Gülməmmədovla müsahibəni buradan oxuya bilərsiniz.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password