Yaralıları Aktaudan Bakıya gətirən təyyarə yola düşdü
Ötən gün baş vermiş faciəvi qəzada yaralanan Azərbaycan vətəndaşlarının olduğu təyyarələr Qazaxıstanın Aktau şəhərindən Bakıya yola düşüb.
Xəsarət alan şəxslər Bakıya gətirilməsi 2 reys üzrə həyata keçirilir.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.
Təyyarələrin bugün saat 15:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatması gözlənilir.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.