Aviasiya eksperti: Sərnişinlərin bir qisminin həyatının xilas edilməsində təyyarə ekipajının xidməti əvəzsizdir

 

“Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer ERJ-190” tipli təyyarəsinin qəzaya uğramasından sonra sağ qalanlar buna görə son ana qədər təyyarəni xilas etməyə çalışan pilotların peşəkarlığına borcludurlar.

Bunu Qazaxıstanın Mülki Aviasiya Komitəsinin sədrinin keçmiş müavini, aviasiya eksperti Serik Muxtıbayev deyib.

Onun sözlərinə görə, ekipaj komandiri enişin mümkün ola biləcəyi ən yaxın aerodrom kimi Aktau hava limanını seçib.

“Problemlər çox güman ki, hidravlik sistemlərdə olub. Təyyarənin pilotları, görünür, onu yalnız mühərrikin hərəkət qüvvəsi ilə idarə etməyə çalışıblar ki, bu da son dərəcə çətindir, buna görə də onlar eniş üçün ən optimal trayektoriyanı və yeri seçməyə çalışıblar”, – S.Muxtıbayev qeyd edib.

Onun fikrincə, qəzaya uğramış təyyarənin ekipajı hava gəmisini müəyyən qədər uğurla yerə endirmək üçün mümkün olan hər şeyi edib.

“Təəssüf ki, onların həlak olması barədə məlumat var, lakin onlar sərnişinlərin bir hissəsini xilas ediblər. Hesab edirəm ki, burada ekipajın xidməti şübhəsizdir. Yəni məhz ekipajın peşəkarlığı Xəzər dənizi üzərindən uçaraq quruda enmək imkanı verdi. Komandirin 15 min saatdan çox uçuş təcrübəsi olub. Onların etdikləri, yəni təyyarəni hava limanına qədər çatdırmaları və mümkün qədər təhlükəsiz eniş etmək cəhdləri yalnız ekipajın peşəkarlığı sayəsində mümkün olub”, – aviasiya eksperti deyib.

S.Muxtıbayev faciənin səbəbləri barədə tələsik nəticələr çıxarmayaraq qeyd edib ki, hər şey qara qutunun məlumatlarından asılı olacaq.

Onun sözlərinə görə, təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün yerüstü xidmətlər bu dəfə vaxtında işləyiblər – operativ gəliş, insanların təxliyəsi və xəstəxanaya yerləşdirilməsi – bütün bunlar insanların həyatının xilas edilməsində mühüm rol oynayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password