İran niyə “sönüb”? – Neft-qaz ölkəsi kəskin enerji qıtlığı yaşayır, hakim rejim isə…

 

“HƏMAS”-ın 7 oktyabr hücumu və “Hizbullah”-ın aktivləşməsi fonunda qısa müddət “parlayan” İrandakı hakim rejim İsrailə qarşı heç bir ciddi effekt verməyən bir-iki raket hücumundan, “HƏMAS” və “Hizbullah” liderlərinin öldürülməsindən, eləcə də hər iki qruplaşmanın demək olar, sıradan çıxarılmasından sonra sürətlə “sönməyə” başladı. İran rejiminin “hərbi-siyasi alovunu söndürən” son “külək” Suriyada Bəşər Əəsəd rejimin bir neçə gündə süquta uğraması, çökməsi oldu…

Son günlərdə isə İran sözün hərfi mənasında sönüb. Özündən başqa onlarla ölkəni təmnin edəcək nefti, təbii qazı, digər təbii sərvətləri olan olan böyük ölkə əsl enerji böhranı, hətta bəzi ekspertlərin dediyi kimi, enerji fəlakəti ilə qarşılaşıb.

Elektrik enerjisi qıtlığına görə ölkə daxilində dövlət qurumları bağlıdır və ya qısaldılmış iş rejimində işləyir, məktəblər və kolleclər onlayn təhsilə keçib. Ticarət mərkəzləri, mağazalar, yollar qaranlığa qərq olub, sənaye müəssisələri isə işıqsız qalıb, bu da istehsalı demək olar ki, tamamilə dayandırıb. İş o yerə çatıb ki, ölkə Prezidenti Məsud Pezeşkian yaranmış vəziyyətə görə ölkə əhalisindən üzr istəyib. Hansı ki, vəzifəsinə təzə qədəm qoyan və islahatçı sayılan prezidentdən öncə ölkəni bu duruma gətirən Ali dini lider Əli Xamenei, onun başçılıq etdiyi molla rejimi və ölkəyə faktiki nəzarəti həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusu üzr istəməli və məsuliyyət daşımalıdır…

İndi İranda evlərin demək olar ki, 90 faizi qazdan istifadə edir. Bu, nə vaxtsa böyük nailiyyət hesab edilirdi. Lakin indi əksinədir. İran nə qədər əcaib görünsə də, faktiki təbii qaz qıtlığı yaşayır. İranda əhalinin məişət ehtiyacları və sənaye üçün qaz çatışmazlığı hazırda sutkada 350 milyon kubmetr qiymətləndirilir. Bu vəziyyətdə səlahiyyətli qurumlar kimin təchizatını kəsməli olduğuna qərar verməli idilər – elektrik stansiyaları, yoxsa istilik və yemək bişirmək üçün qazdan istifadə edən fərdi istehlakçılar? Hakimiyyət əhali arasında daha böyük narazılığa yol verməmək üçün sənayeni deyil, əhalini seçdi, ona görə də 17 elektrik stansiyasının qazını kəsdi. Lakin bu da əhalinin elektrik enerjisi və qazla təminatını tam həyata keçirməyə imkan vermir. Əhaliyə işıq böyük fasilələrlə, gündə bir neçə saat verilir. Vəziyyət isə getdikcə daha da pisləşir.

Dövlət elektrik şirkəti sənaye şirkətlərinə elektrik enerjisinin kəsilməsinin uzun müddət, hətta bir neçə həftəyə qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. Bu da İranda istehsalı 30-50 faiz azalda, böyük itkilərə səbəb ola bilər.

Və bütün bunlar hazırda ərazisində faktiki böyük müharibə gedən, az qala hər gün Rusiyanın vəhşi hücumlarına, enerji infrastrukturu kütləvi raket, PUA zərbələrinə məruz qalan Ukrayna yox, ərazisində hər hansı hərbi münaqişə olmayan və qaz, neft ehtiyatları ilə zəngin İranda baş verir. Hətta Ukraynada da bu gün elektrik enerjisi İrandakı qədər fasilələrlə verilmir, bir çox hallarda ümumiyyətlə, fasilələr yoxdur…

Əslində, bu gün İranda yaşananlar bir daha öz hakimiyyət maraqları naminə sivil dünyaya, normal dünyəvi münasibətlər sisteminə qarşı çıxmağın, qonşulara qarşı düşmənçilik siyasəti yürütməyin, öz ölkəsində normal siyasi, iqtisadi, sosial və s. sistemin qurulmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi etməyin nə ilə nətəcələnə biləcəyinin bariz nümunəsidir. Avtoritar rejimlər üçün bu cür vəziyyətin yaranması xarakterikdir.

Birincisi, məlum səbəblərdən İrana qarşı yürüdülən sanksiyalar bunu labüd edirdi. İran hər nə qədər özünü sanksiyalara davamlı ölkə kimi göstərməyə çalışsa da, bu vəziyyət çox davam edə bilməzdi. İndi İran rəhbərliyinin özü də bunu etiraf etmək məcburiyyətindədir.

İkincisi, ölkə iqtisadiyyatı hökumətin iqtisadi bloku, mütəxəssislər tərəfindən və ümumilikdə iqtisadi qanunlar, azadlıqlarla deyil, İran rejiminin vuran əli olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun “kefinə” və maraqlarına uyğun şəkildə idarə olunur. Nəticədə İran rejimi son illər öz iqtisadiyyatını, enerji sektorunu, infrastruktrunu modernləşdirmək əvəzinə, əlinə düşən olan-qalan vəsaitləri də silaha, hərbi sənayeyə, regionda proksi hərbi qruplaşmalar saxlamağa, Bəşər Əsəd rejimi kimi hakimiyyətləri və siyasi qüvvələri dəstəkləməyə yönəldib. Bu cür xarici siyasətin ən böyük “uğurlu nəticəsi” də darmadağın olan “Hizbullah”, çökən Əsəd rejimi, hazırda Ukrayna səmalarında vurulan “Şahed” PUA-ları və İranın təcrid edilməsi prosesinin daha da güclənməsidir.

Üçüncüsü, İsraillə uzunmüddətli münaqişəyə girən İran hakimiyyəti bunun ağır fəsadlarından qaça bilmir. Təkcə onu qeyd etmək kifayətdir ki, İsrail son qarşılıqlı raket hücumları zamanı İranın iki əsas qaz kəmərini vuraraq sıradan çıxarıb. Bu zərbələrə çoxları diqqət yetirməsə də, hazırda yaranan vəziyyətdə bunun kifayət qədər ciddi rolunun olduğu qeyd edilir.

Nəhayət, İranın idarəçiliyindəki qeyri-peşəkarlıq və korrupsiya da öz sözünü deyir. Bu cür rejimlərdə hakimiyyət müvafiq vəzifələrə seçim edərkən məmurları peşəkar qabiliyyətlərinə görə deyil, rejimə sədaqəti, ideoloji bağlılığı və hakim klanla bu və ya digər şəxsi əlaqələri, o cümlədən korrupsiya sxemlərindəki iştirakı əsasında təyin edir. Belə bir vəziyyətdə ölkənin peşəkar və vicdanlı məmurlar tərəfindən effektiv idarə olunması şansı 0-a yaxınlaşır, necə ki, İranda bunu görürük. Əslində, bu vəziyyət Rusiyanın özü üçün də dərs olmalıdır…

Nəticə budur ki, İran hazırda qaranlığa qərq olub. Həm hakimiyyəti qorumaq, həm də vəziyyətdən sürətli və effektli çıxış yolu axtarmaq isə qaranlıq otaqda qara pişik axtarmaq qədər çətindir…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password