Dördmərtəbəli evin beşinci mərtəbəsi – Elşad Həsənov “romantikası”nın səbəbi nə? / FOTOFAKT

 

Prezident İlham Əliyevin təyinatı ilə, vəzifədə oturub da, yüzlərlə insanın taleyinə biganə qalmağın bir cəzası da olmamış deyil…

Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı məşhur bir romanı var. (“Təhminə” filmi də, bu roman əsasında çəkilib. Red) Xoşbəxtliyin yeni mərtəbələrinin fəth edilməsindən bəhs edən bu romanla işimiz yox. Bəlkə də, sayqılı Anar müəllimin heç ağlına da gəlməzdi ki, əsərini bədii boya ilə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlandırması nə zamansa kimlərisə yaşayış binalarında yeni mərtəbələri fəth etməyə həvəslədirə bilər. Necə də ki, həvəsləndirib…

                                                              Yeni mərtəbə belə “fəth edilib”

Günümüzdə də, yeni mərtəbələr “fəth edilir” amma, xoşbəxtliyin yox, sovet dövründən tikilmiş dördmərtəbəli yaşayış binasının beşinci mərtəbəsi. İlk dəfə eşidib, yaxud görəndə inandırıcı olmaya da bilər… Başda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev olmaqla bir neçə yüksək instansiyaya ünvanlanmış və bir surəti də Yenixeber.org-a daxil olmuş müraciətdə bəhs edildiyi kimi.

Bakı şəhəri, Yasamal rayonu Azad Mirzəyev küçəsi, 241 ünvanda dördmərtəbəli binanın sakinləri günlərin bir günü səhər yuxudan durub görürlər ki, kimlərsə, kimlərinsə “xeyir-duası ilə” üstündə özünə fərdi mənzil tikməklə binanı edir beşmərtəbə(?) Etirazın, narazılıqların da nəticəsi olmur…

Dövlət başçısına ünvanlanmış müraciətdə deyilir:

Bildiririk ki, biz-Bakı şəhəri, Yasamal rayonu Azad Mirzəyev küçəsi, 241 ünvanda yaşayırıq və bu binanın mənzillərinin mülkiyyətçiləriyik. Yaşadığımız bina dördmərtəbəli, çoxmənzilli yaşayış binasıdır. Tanımadığımız, naməlum şəxslər tərəfindən yaşadığımız və mülkiyyətçisi olduğumuz binanın bizim icazəmiz olmadan 5-ci mərtəbəsi tikilməyə başlayıb və hal-hazırda da tikilməkdədir. Bina əlavə mərtəbənin tikintisinə hesablanmayıb və bu səbəbdən də, yeni mərtəbənin tikintisinə tab gətirməyərək uçma təhlükəsindədir. Ailələrimizin həyatı real təhlükə altındadır. Binanın 5-ci mərtəbəsini tikən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və bina əvvəlki- dördmərtəbəli vəziyyətinə qaytarılmalıdır.

Sizdən xahiş edirik ki, binanın 5-ci mərtəbəsinin sökülməsini, əvvəlki vəziyyətə qaytarılmasını və bu qanunsuz işi görənlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəsiniz.

                Aidiyyatı dövlət qurumlarının müəmmalı susqunluğu(?)

Biz müraciətdə yer alan iddialarla bağlı bir neçə instansiyadan mövqe öyrənməyə çalışdıq. İlkin olaraq mənzilin sahibi İlqar müəllimlə (Soyadını öyrənə bilmədik.Red.) telefonla danışdıq. Bizimlə telefon söhbətində o bildirdi ki, sözügedən mənzilin lazım olan bütün sənədləri var(?) Və həm də, hansı araşdırmanı aparıb, nə istəyiriksə onu da yazmağımızı “məsləhət bildi”.

Yenixeber.org olaraq aidiyyatı üzrə dörd dövlət strukturuna rəsmi sorğu ünvanladıq: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, Yasamal Rayonİcra Hakimiyyətinin başçısıcənab Elşad Həsənova,Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyinin rəisicənab Cəbrayıl Xanlarova və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə.

Bakı Şəhəri İcra Hakimiyyətindən bildirdilər ki, 2018-ci ildən Memarlıq və Şəhərsalma Baş İdarəsi onlara tabeli qurum deyil, bu səbəbdən də məktub araşdırılması üçün aidiyyatı təşkilata göndərilib.

Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyindən hələ ki, səs çıxmır(?)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Başİdarəsi isə Fövqəladə Hallar NazirliyiTikintidə Təhlükəsizliyə NəzarətDövlət Agentliyinə və Yasamal Rayonİcra Hakimiyyətinə bizim sorğumuz əsasında müraciət ünvanlayıb və bir surətini də məlumat üçün bizə göndərib:
Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 241 ünvanında 4 mərtəbəli yaşayış binasında qanunsuz tikinti işlərinin aparılması haqqında “Yenixeber.org” İnformasiyaPortalının Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinəünvanlanmış 04.12.2024-cü il tarixli məktubuna Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.
Əməkdaşlarımız tərəfindən yerində baxış Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 241 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının üzərində uzun illər öncə əlavə mərtəbə inşa edildiyi müşahidə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və AzərbaycanRespublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi, nəticəsi barədə “Yenixeber.org” İnformasiya Portalına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq vəŞəhərsalma Baş İdarəsinə 7 (yeddi) gün müddətində məlumat verilməsi xahiş olunur.

Beləliklə aidiyyatı dövlət qurumu da rəsmən qanunsuz tikinti faktını etiraf edir. Təəssüf ki, elə hər şey də, bu sadə etirafla bitmiş kimi görünür. Qanunsuz tikili də, onun yüzlərlə insana yaratdığı məlum təhlükələr də, var olaraq qalır…

                                                    Elşad Həsənovun köməkçisi “gül vurdu”

Ən maraqlısı, daha doğrusu komik olanı Yasamal Rayonİcra Hakimiyyətinin başçısıcənab Elşad Həsənovun köməkçisi Habil Süleymanzadənin “cavabı” oldu. Baş redaktorumuzun mobil telefonuna zəng edən Süleymanzadə “tövsiyə” etdi ki, məsələni özümüz araşdıraq, heç bir qanunsuzluq yoxdur və onları da “narahat etməyək”(?) Ardınca da, əxlaqına, tərbiyəsinə uyğun olaraq telefonu qapatdı…

Elşad Həsənovun rəhbəri olduğu və bəhs etdiyimiz faktın da əhatə dairəsində olduğu təşkilatdan bu sayaq “cavab” “N” dənə sullara yol açır.

Qarşıdakı günlərdə bu suallara aydınlıq gətirmək məqsədi ilə, digər dövlət orqanlarına müvafiq sorğular ünvanlamaqla növbəti, daha da detallı yazımız olacaq.

Cənab Elşad Həsənova xatırlatmaqda fayda var ki, prezident İlham Əliyevin təyinatı ilə, vəzifədə oturub da, yüzlərlə insanın taleyinə biganə qalmağın bir cəzası da olmamış deyil…/yenixeber.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password