“ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb – Çox maraqlıdır

 

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Yuxarı Şirvan suvarma kanalı yenidən qurulması haqqında Sərəncam Prezident İlham Əliyev tərəfindən 08 aprel 2024-cü ildə verilib. Aprelin 16-da isə Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

Hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirləri davam etdirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (IV mərhələ) üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi tendeirin qalibini elan edib. Qalib “ELİT-S” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər 119.000.000 milyon manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, 119.000.000 milyon manat dəyərində tender udan MMC qanunvericiliyin tələbinə uyğun olaraq şərtlər toplusunda müəyyən edilmiş miqdar dəyərində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməli, eyni zamanda, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunun tələbinə əsasən təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq, yəni 35.000.000 manat maddi vəsaitə çıxışının olması barədə bank təminatı verməlidir.

İndi gəlin MMC-nin oxşar xidmətlər üzrə fəaliyyətinə diqqət yetirək.  “ELİT-S”  MMC daha əvvəllər, hazırda Dövlət Su Ehtiyatları Agentliyinə tabeli Regional Su Meliorasiya Xidmətindən əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin regionlarda yerləşən bir neçə idarəsinin keçirdiyi tenderlərin qalibi olub. Həmin tendrləri diqqətinizə çatdırırıq.

Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən Əlabbas kanalı üzərindəki Bəddərə akvedukunun əsaslı təmiri üzrə keçirilmiş tenderədə 460.000 manat məbləğində müqavilə 12.12.2023-cü ildə elan edilib.

Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Yeniarx kanalının təmiri (PK00+00-PK22+00; L=2,2) (PK27+00-PK45+00;L=1,8 km) üzrə keçirilmiş tenderədə 208.000 manat məbləğində müqavilə 11.12.2023-cü ildə elan edilib.

Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən cari təmir işləri üzrə suvarma kanallarının lildən təmizlənməsi və çay məcrasının təmizlənməsi işlərinin satın alınması üzrə keçirilmiş tenderədə 1.063.537,49  manat məbləğində müqavilə 11.07.2023-cü ildə elan edilib.

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən bir mənbə üsulu ilə Yuxarı Şirvan Kanalının Kürdəmir rayonu ərazisində yerləşən Girdimançay dükkerinin sutullayıcı ilə birlikdə əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderədə 244.998  manat məbləğində müqavilə 06.11.2023-cü ildə elan edilib.

Göründüyü kimi, “ELİT-S”  MMC o qədər də böyük həcmi olmayan, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə tabeli bir neçə idarənin ümumi dəyəri iki milyon manata yaxın olan işlərin icrasını həyata keçirib. Bəs görəsən MMC 119 milyon manat dəyəri olan dövlət sifarışini həyata keçirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “ELİT-S” (VÖEN : 1600024541) MMC-nin 09.06.2004-cü ildə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. İlk hüquqi ünvanı Nizami rayonu ev 13, mən 41 (küçəsi yoxdu) olan MMC-nin son ünvanı Füzuli rayonun Aybasanlı ərazi vahidliyi qeyd olunub. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Elmidar Eldar oğludur. MMC-nin təsisçisi Səlimov Hüseyin Məhəmməd oğludur. MMC-yə İbrahimov Fuad İbrahim oğlu, İmanov Müşfiq Nəriman oğlu da rəhbərlik edib.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-352/2019 nömrəli 25.09.2019-cu il tarixli qərarı ilə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə lisenziya alması barədə məlumat var. Lisenziyada fəaliyyətin həyata keçirildiyi obyektlərin ünvanı kimi Quba rayonunun ərazisində yerləşən “Qudyalçay” qum-çınqıl yatağı göstərilir.

Müəmmalı məsələlər də elə bundan sonra başlayır. Dağ-mədən işləri üzrə lisenziyası olan, qum-çınqıl yatağı istismar edən bir MMC suvarma kanalının yenidən qurulması işlərinı necə həyata keçirəcək?  Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin Satınalma komissiyası Nazirlər Kabinetinin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən, müvafiq sahədə peşəkarlığını və təcrübəsini qiymətləndiribmi? MMC-dən 80 faiz oxşar xüsusiyyətli 3 sayda müqavilə tələb edilibmi? MMC-nin bu oxşar xüsusiyyətli işləri harada görüb? Axı, Şirvan suvarma kanalının yenidən qurulması işləri Qəbələdə suvarma kanallarının lildən təmizlənməsi, Bəddərə akvedukunun əsaslı təmiri demək deyil.

İnternet axtaış sistemləri üzərindən apardığımız araşdırmada “ELİT-S” MMC-nin “İnstaqram” və “facebook”sosial şəbəkələrindəki hesabında ünvanı Binəqədi r-nu, Rəsulzadə qəs., Baksol 15 G göstərilir. Sözügedən ünvanda hazırda beton zavodu fəaliyyət göstərir və yeni tikilən binaları beton qarışığı ilə təmin edir. Apardığımız araşdırmalar zamanı 119 milyon manatlıq tender udan “ELİT-S” MMC haqqında bundan artıq məlumat tapa bilmədik. Güman ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov MMC haqqında daha çox bilgilərə sahibdi.

Əldə etdiyimiz qeyri rəsmi məlumatlara görə MMC-ni rəsmi olaraq Elmidar Əliyev idarə etsə də qeyri rəsmi sahibi başqa şəxslərdir. Həmin şəxsin MMC-nin qanuni təmsilçilərindən biri olmuş İmanov Müşfiq Nəriman oğlu olduğu da bildirilir. Hətta qeyd edilir ki, Müşfiq İmanov tikinti sektorunda özünə yer tutan, kifayət qədər geniş əlaqələri olan bir biznesmendir. Çox güman ki, o əlaqələrdən bir ucu da Dövlət Su Ehtiyatları Agentliyinə, onun tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə də gedib çatır.

 

Aktualinf.org

 

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password