“SAR TRADE” MMC-nin arxasında duranlar harada oturur – TƏBİB-də, yoxsa…
Azərbaycanda son vaxtlar bir çox dövlət qurumları tərəfindən keçirilən satınalmalarda yol verilən qanun pozuntuları barədə çox yazılır. Avqust ayına qədər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən, artıq Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalmaların azad rəqabət şəraitində keçirilməsinə nə qədər can atsa da arxasında gözügörünməz qüvvələrin olduğu bir çox şirkətlər demək olar hər gün bir satınalmanın qalibi olur. Bu da satınalmalarda şəffaflıq prinsiplərinin pozulmasına gətirib çıxarır. Bu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli, paytaxtımızda və rayonlarda yerləşən xəstəxanaların keçirdiyi satınalmalarda özünü daha çox biruzə verir.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalını son aylar zəbt edən şirkətlərin biri də “SAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli xəstəxanaların keçirdiyi 30-a yaxın tender və kotirovka sorğusunun qalibi olub. Bunlardan bəzilərini diqqətinizə çatdırırıq.
MMC bu müddət ərzində Tovuz rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ inventarların satınalınması üzrə 13.511, “Respublika Pediatriya Mərkəzi” ilə maşın və avadanlıqların əsaslı və cari təmiri xidməti üzrə 186.831,76, Göygöl rayon Mərkəzi Xəstəxanası ilə avadanlıqların təmiri üzrə 15.806,1, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə tibbi cihazların alışı üzrə 27.523,96, Şəki rayon Mərkəzi Xəstəxanası ilə sair İnventarların alınması üzrə 28.449,8, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə oksigen məntəqəsinin təmiri üzrə 6.065,2, “Sabunçu Tibb Mərkəzi” ilə üxtəlif növ tibbi və qeyri-tibbi inventar mallarının satın alınması üzrə 76.484,06, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə tələb olunan müxtəlif növ avadanlıqların təmiri üzrə 63.838, Saatlı rayon Mərkəzi Xəstəxanası ilə tibbi və qeyri tibbi avadanlıqların əsaslı və cari təmiri üzrə 40.750,36, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə tələb olunan tibbi və qeyri tibbi Inventarların satınalınması üzrə 79.709, Füzuli rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların təmir xidməti üzrə 71.648,42, Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə tibbi avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması və avadanlığın təmiri üzrə 32.459,44, “Sumqayıt Tibb Mərkəzi” ilə avadanlıqların təmiri və quraşdırılması xidməti üzrə 138.771,78, Hacıqabul rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların satınalınması üzrə 11.557,04, Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə 21.948, “Sumqayıt Tibb Mərkəzi” ilə proqram təminatı üzrə 4.484, Qazax rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması üzrə 95.950,99, Neftçala rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması və quraşdırılması üzrə 54.754,89, Şəki rayon Mərkəzi Xəstəxanası ilə oksigen stansiyasına təmir və servis xidməti üzrə 15.251,5, Xaçmaz rayon Mərkəzi Xəstəxanası ilə maşın və avadanlıqlar üzrə 106.383,26 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli bu xəstəxanalardan fərqli olaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyini aşkar edib. 03.12.2024-cü ildə Hacıqabul Rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -ni şərtlər toplusunda mütləq likvidlik əmsalının 1.9-dən az olmaması tələb edilsə də, “Sar Trade” MMC sözügedən tələbi yerinə yetirmədiyinə görə və qiymət təklifi verərkən əsas şərtlər toplusunda qeyd olunmasına baxmayaraq təklifdə malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etmədiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubikasının Qanununun 35.1.1 maddəsinə əsasən təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədiyi və 35.1.5-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun olmadığı üçün bu maddələri nəzərə alaraq açıq tender metodu üsulu ilə satınalma müsabiqəsindən kənarlaşdırmışdır.
Bu məlumatlar isə “SAR TRADE”MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini,malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etməməklə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAR TRADE” MMC (VÖEN 1402598961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.09.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, QƏDİRBƏYOVA, ev 8A, BLOK 1, m. 37 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Muxtar Kərim oğludur.
Reyestr məlumatlarında MMC-nin ilk adı 2020-ci ilə qədər “S AND B ENGINEERING SOLUTIONS”, 2024-cü ilin may ayına qədər “SAR MEDICAL” olub. Təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğludur.
Qeyd edək ki, “SAR TRADE” MMC -nin təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğlu həm də “Clinic Medical” MMC-nin qanuni təmsilçisidir. Elektron mediada 29 Avqust 2024-cü ildə yayılan məlumata görə “Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə ( avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən cərimə protokolu tərtib edilib.
Bundan əlavə MMC-nin adının tez-tez dəyişdirməsi bir sıra şübhəli məqamların olduğunu ortaya çıxardı.Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda “SAR TRADE” MMC -nin “SAR MEDICAL” kimi də adı bir çox şübhəli satınalmalarda hallanır.
Göründüyü kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli Xəstəxanaların əksəriyyəti satınalmaların təşkili zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “SAR TRADE”MMC-nin uyğunluq göstəricilərini və təqdim etdiyi malların etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Ümumiyyətlə, görəsən “SAR TRADE” MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müvafiq lisenziya və müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı? Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir neçə ayda onlarla satınalmanın qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin.
Görsənən odur ki, MMC-nin günün tələblərinə uyğun heç nəyi olmasa da güclü arxası var. Bu ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində oturur, ya da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində.
Aktualinfo.org