Azərbaycan Avrasiya İnkişaf Bankının əsas iştirakçılarından birinə çevrilə bilər – İdarə Heyətinin sədri
Azərbaycan Avrasiya İnkişaf Bankının əsas iştirakçılarından birinə çevrilə bilər.
Bunu müsahibəsində AİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov bankın Almatıdakı sessiyası çərçivəsində deyib.
“Azərbaycan bizim üçün bankın əsas iştirakçılarından biri ola bilər. Biz Azərbaycanda həyata keçirilə biləcək bir çox layihə görürük. Hesab edirəm ki, Azərbaycanın bankda iştirakına digər ölkələr tərəfindən də tələbat olacaq. Bu, o cümlədən Azərbaycanın özü üçün də faydalı olacaq. Söhbət həmişə bir növ investisiya resurslarından getmir, baxmayaraq ki, bu çox vacibdir. Söhbət həmçinin bizim bankımızın layihələri tez bir zamanda həyata keçirməyə imkan verən düzgün təcrübə toplamasından da gedir.
Ölkə bankda ola bilər və iştirakdan heç bir effekt almaya və ya heç bir müsbət dəyişiklik görməyə bilər. Avrasiya İnkişaf Bankına gəlincə, mən əminəm ki, Azərbaycan Avrasiya İnkişaf Bankına daxil olarsa, biz beynəlxalq təşkilatların Azərbaycanda investisiya fəallığını xeyli artıra biləcəyik”, – deyə, Nikolay Podquzov bildirib.
Özbəkistanın AİB-ə qoşulması
Onun sözlərinə görə, AİB Özbəkistanla kifayət qədər uzun müddətdir ki, danışıqlar aparır.
“İyunun sonunda Bankın Şurası Özbəkistanın üzvlük məsələsini təsdiqləyib. Özbəkistan hökumətindən rəsmi müraciət daxil olub və ölkənin üzvlüyü 10 faiz payla təsdiqlənib. Biz Özbəkistan hökumətinə rəsmi cavab göndərmişik. Hazırda parlament Özbəkistanın banka üzvlüklə bağlı qanununa baxır. Ümid edirik ki, qanun parlamentin payız sessiyasında qəbul olunacaq”, – deyə o bildirib.
İştirakçıların sayının artırılması
Nikolay Podquzov qeyd edib ki, hazırda AİB-ə Avrasiya regionunu təmsil edən altı ölkə daxildir. Ancaq bildiyiniz kimi, bu regionda daha çox ölkə var.
“Hətta bugünkü müzakirələr də göstərir ki, bəzi məsələləri yalnız birlikdə həll etmək olar. Məsələn, biz nəqliyyat əlaqəsi məsələlərini müzakirə etdik. Aydındır ki, Şimal-Cənub, Orta Dəhliz və digər marşrutlar həm Qazaxıstandan, həm də Azərbaycandan keçir.
Digər məsələlər enerji, su, ərzaq təhlükəsizliyidir. Bu, Avrasiya regionunun bütün ölkələrinə təsir edir. Ona görə də məqsədimiz bölgədə daha səmərəli işləməkdir. Mümkünsə, regionun bütün ölkələri banka daxil olmalıdır və bura Türkmənistan, Özbəkistan, Azərbaycan, Türkiyə, Gürcüstan və Monqolustan da daxildir. Biz bu ölkələr üçün faydalı olan bütün layihələri həyata keçirmək üçün bankda bu ölkələri görməyə şad olardıq”, – deyə, o bildirib.
2025-ci il üçün planlar
“Bu il maliyyələşmənin 2 milyard dolları keçəcəyini gözləyirik. Bu, bankın bütün fəaliyyəti üzrə ən yüksək göstəricilərindən biridir. Və sonra biz təxminən eyni sürətlə maliyyələşdirməni davam etdirəcəyik. Gələn il bizim müəyyən etdiyimiz planlara əsasən, yenidən 2 milyard dollara yaxın yeni investisiyalar olacaq”, – İdarə Heyətinin sədri bildirib./trend.az