“Putin Suriyadakı bazalarını itirir” – ABŞ Müharibə Araşdırmaları İnstitutu
Suriya diktatoru Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya başçısı Vladimir Putin Suriyadakı hərbi bazalarını itirə bilər.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında belə deyilir.
Amerikalı mütəxəssislərin qeyd etdiyi kimi, bu bazaların əldən çıxması Kremli ciddi nəticələrlə təhdid edir: ”Belə ki, Rusiya Federasiyası Tartusdakı hərbi dəniz bazasını Aralıq dənizində öz gücünü layihələndirmək üçün istifadə edib. Onun köməyi ilə Moskva NATO-nun cənub cinahını təhdid edir və Qara dənizdəki aktivlərini Aralıq dənizi ilə birləşdirirdi”.
Analitiklərin fikrincə, Suriyadakı Rusiya bazalarının itirilməsi Rusiyanın logistikasını və “Afrika Korpusu”nun rotasiyasını poza bilər. Nəticədə Rusiyanın Liviya və Afrikadakı digər əməliyyatları bundan ciddi ziyan görəcək.
ISW-nin fikrincə, Kreml alternativ olaraq Liviya və Sudandakı mövcudluğundan istifadə etməyə cəhd edə bilər, lakin Rusiya Federasiyasının bu ölkələrlə rəsmi razılaşmalarının olmaması və eləcə də orada lazımi infrastrukturun olmaması Moskvanın vəziyyətini çətinləşdirir.
Bundan əlavə, ekspertlər vurğulayırlar ki, Əsəd rejiminin süqutu və Putinin onu xilas edə bilməməsi Rusiya Federasiyasının etibarlı müttəfiq kimi qlobal imicinə də xələl gətirəcək. Bu, Kremlin dəstəkləməyə çalışdığı afrikalı avtokratlara təsirini təhlükə altına qoyur və Rusiyanın qlobal supergüc kimi görünməkdən ibarət daha geniş geosiyasi məqsədini təhdid edir. /azpolitika.info