“Koordinat Construction” MMC 10 günə bir milyonluq iki tenderi necə “uddu” – Görəsən Zakir Quliyev bilirmi?
Son günlər xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyətə cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Bildirilir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, xarici ölkələrə müxtəlif məhsulları ixrac edərək pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlarla yanaşı dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan sahibkarlar da var. Məsələn Dövlət Gömrük Komitəsinin 26 Aprel 2017-ci ildə yaydığı məlumat da buna bənzəyir. Məlumatda bildirilir ki, bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışmaları barədə məlumat yayıb. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.
Aktualinfo.org bu məlumatları “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında araşdırma apararkən elektron mediadan əldə edib. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “Koordinat Construction” MMC oktyabr ayında iki satınalmanın qalibi olub.
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 489.983,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 17.10.2024 -cü il tarixdə dərc edilib.
Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 659.999,96 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 29.10.2024 -cü il tarixdə dərc edilib.
Göründüyü kimi MMC oktyabr ayında 10 fərqlə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların keçirdiyi tender üzrə ümumi dəyəri 1 149 982 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.
Amma “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Göründüyü kimi Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışlar ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?
Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinə ünvanladığımız sorğular cavabsız qaldı. “Koordinat Construction” MMC-nin dövlət qeydiyyatına alındığı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya isə cavab gözləyirik.
Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların satınalmalarda yol verdikləri bu qədər qanunsuzluğa, uyğunsuzluğa rəğmən gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan Şənlik Abasova məxsus şirkət on günə bir milyon manatdan çox dəyəri olan tenderləri necə udub? Bəlkə, Zakir Quliyev bilir.
Aktualinfo.org