“Əsəd öldürülüb, İran dağılır” – Rusiya təcili bölgədən çıxır
Suriyada baş verənlər üç-dörd münaqişənin sonu, “şər oxu”nun dağılması və ya Avropaya yeni qaçqın dalğasına səbəb ola biləcək yeni xaos dövrünün başlanğıcı baxımından bəzi dəyişikliklərə səbəb ola bilər.
Bunu 2003-cü ildə ABŞ-İraq müharibəsində iştirak etmiş Britaniya ordusunun keçmiş zabiti, analitik Tim Kollinz “The Telegraph”a deyib.
Ekspertin fikrincə, bu ssenarilərdən hansının real şəkil alacağına yaxın günlərdə aydınlıq gələcək:
“Artıq Əsəd rejimi devrilib. Onun taleyi naməlum olaraq qalır, baxmayaraq ki, təyyarəsinin düşmənləri tərəfindən atılan Rusiya raketi ilə vurulması nəticəsində (Moskvada olması iddiasına baxmayaraq) ölməsi ehtimalı da var. Rusiya Tartus və yaxınlıqdakı bazalarını təcili olaraq boşaldır. Bu, Rusiyanın Aralıq dənizinin isti sularına strateji çıxış imkanını itirməsidir, çünki İstanbul boğazları (Türkiyə) Ukraynadakı müharibə səbəbindən Rusiya hərbi gəmiləri üçün bağlıdır.
Tehran rejimi çətin vəziyyətə düşüb. Mollaların regional imperiyası gözümüzün qabağında dağılır, bu, daxili iğtişaşlara səbəb ola bilər. İranın İsrail və Qərbə hücum etmək üçün proksi qruplardan istifadə cəhdləri fəlakətlə nəticələnib. HƏMAS xeyli zəifləyib, “Hizbullah” dağıdıcı itkilərə məruz qalıb, Suriyaya nəzarət itirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz təsir imkanlarını genişləndirmək üçün yeni imkanlar əldə edir, həmçinin kürd qruplarının ambisiyaları ucbatından risklərlə üzləşir. Kürdlər Suriyadakı daxili parçalanmalardan qalib çıxa bilsələr, İrandan Aralıq dənizinə qədər yeni təsir dairəsi yarada bilərlər. Amma onların liderləri arasındakı ziddiyyətlərə görə bu, çətin iş olaraq qalır”.
Kollinz İsrailin də Suriya məsələsinə yanaşmasına diqqət çəkib:
“İsrail hələlik Suriyadakı hadisələrə müdaxilə etməyə hazır olduğunu bildirməyib, amma sərhədlərindəki vəziyyət diqqət tələb edir. Livan üçün “Hizbullah”ın süqutu yeni vətəndaş müharibəsi ehtimalı da daxil olmaqla həm perspektivlər, həm də risklər açır.
Co Bayden administrasiyasının zəifliyi ABŞ-ın yeni şəraitdən səmərəli istifadə etmək qabiliyyətinə şübhələr yaradır. Həmçinin Donald Trampın qayıdışı vəziyyəti dəyişə bilər. ABŞ-ın bölgədə sabitliyin bərqərar olması üçün İraqdakı mötədil qüvvələri dəstəkləmək şansı var”.
Analitik iddia edir ki, Suriya, Livan, Qəzza və Yəməndəki müharibələr sona çatmaq üzrədir:
“Ukraynada da müharibənin dayandırılması mümkündür. Qarşıdakı həftələrdə bu dəyişikliklərdən hansı qüvvələrin yararlana biləcəyi müəyyənləşəcək. Bu dövr müasir tarixdə sonrakı nəsillər tərəfindən təhlil ediləcək mühüm bir fəsil olacaq”./teleqraf.com