Ukraynada müharibəyə necə son qoyulacaq? – 3 əsas SSENARİ
İtaliyanın nüfuzlu “Il Fatto Quotidiano” nəşri Ukraynada davam edən münaqişənin həlli ilə bağlı nəzərdən keçirilən mümkün ssenarilər haqqında məlumat yayıb.
Nəşrin iddiasına görə, təklif olunan yolların hər biri ölkənin gələcək taleyinə ciddi təsir göstərə bilər.
Birinci ssenari: “Alman modeli”
Bu model Ukraynanın iki əsas blok arasında bölünməsini nəzərdə tutur. Təklifə əsasən, Ukrayna hakimiyyəti altında olan ərazilər NATO-ya qəbul edilə bilər. Bu yanaşma tarixi Almaniyanın Şərqi və Qərbi olaraq bölünməsini xatırladır. NATO-nun genişlənmə siyasəti çərçivəsində nəzərdən keçirilən bu model Rusiyanın ciddi narazılığına səbəb ola bilər.
İkinci ssenari: “Avropa İsraili” modeli
İkinci ssenari Ukraynanın NATO üzvü olmadan Qərb hərbi alyanslarından hərbi dəstək almasını nəzərdə tutur. Bu yanaşmaya görə, Ukrayna “Avropanın İsraili” kimi formalaşacaq. İsrail modeli əsasında ölkəyə müasir silahlar və müdafiə sistemləri təmin edilərək, ölkənin hərbi qüdrəti artırılacaq. Bu model Ukraynanı regional gücə çevirməklə yanaşı, NATO üzvü olmadan da müdafiə təminatına malik olmasına imkan yaradacaq.
Üçüncü ssenari: Beynəlxalq missiya və bölünmə
Üçüncü ssenari isə Ukraynanın beynəlxalq missiya vasitəsilə bölünməsini təklif edir. Bu missiya NATO üzvü olmayan dövlətləri – məsələn, Çin, Hindistan və Fars körfəzi ölkələrini əhatə edə bilər. Beynəlxalq missiyanın əsas məqsədi regionda sülhü təmin etmək və münaqişənin uzunmüddətli həllinə nail olmaqdır. Lakin bu ssenarinin reallaşması çoxsaylı siyasi və iqtisadi çətinliklər səbəbindən qeyri-müəyyən qalır.
Bu ssenarilərdən hansının reallaşacağını yaxın gələcəkdə baş verən hadisələr müəyyən edəcək. /musavat.com