Suriyanin əvəzinə Ukrayna? – Müxaliflər irəliləyir, Moskvanın gözləntiləri doğrulmur

 

Suriyada müxalif qüvvələrin hərbi uğurları və Bəşər Əsəd rejiminin real devrilməsi təhlükəsi Rusiyanı çox narahat edir. Xüsusilə də Tartus limanındakı hərbi bazanı itirmək perspektivi ilə üz-üzə qalan Moskvanın hazırda vəziyyəti düzəltmək üçün nə hərbi, nə də siyasi gücü var…

Bəzi Qərb mətbu orqanlarında və “teleqram” kanallarında Kremlin Suriya məsələsilə bağlı Ağ Evlə və Trampın ətrafı ilə əlaqə saxlayaraq, anlaşmağa çalışdığı barədə məlumatlar yayılır. Həmin məlumatlara görə, Moskva Rusiya qoşunlarının Ukraynada irəliləyişinin dondurulması və müzakirələrə başlanması müqabilində Həma və Homs istiqamətində Suriya müxalifətinin irəliləyişini dayandırmağı xahiş edib. Yəni, Rusiya Ukraynada irəliləməni dayandırır və Trampın məlum planı əsasında danışıqlara razılıq verir, ABŞ isə Suriya müxalifətinin irəliləməsinin qarşısını alır. Belə ki, Suriya müxalifətini təmsil edən Suriya Milli Ordusu əsasən Türkiyənin nəzarətində olsa da, bu qarışıq qüvvələrin bəzilərinə ABŞ-nin də təsir imkanlarının olduğu iddia edilir.

Rəsmi mənbələr bu barədə hər hansı məlumat yaymasalar da, söügedən iddiaların həqiqiliyinə işarə edən müəyyən əlamətlər sezilməkdədir. Məsələn, son olaraq Rusiya XİN-dən gələn açıqlamalar Rusiyanın Ukrayna cəbhəsində Trampla razılığa gəlməyə meylli olduğunu göstərir.

Rusiya Xarici İşlər nazirinin müavini Segey Ryabkov CNN telekanalına müsahibəsində deyib: “Rusiya Trampın təkliflərini diqqətlə öyrənməyə hazırdır, lakin eyni zamanda Moskva Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin əsas baza elementlərindən geri çəkilməyəcək”.

Bütün bunların fonunda hələlik Vaşinqtonun Moskvanın “Suriya-Ukrayna” təklifilə razılaşdığnı göstərən əlamətlər nəzərə çarpmır. İstisna deyil ki, bu, Suriya Milli Ordusuna bağlı qüvvələrə ABŞ-nin təsiri aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, müxaliflərin Dəməşq istiqamətində, eləcə də Rusiya bazasının paytaxtla əlaqəsini kəsən ərazilərə doğru hərəkəti davam edir. Suriya müxalifət qüvvələrinin Həmaya doğru irəliləyişi bərpa olunub. Bu gün səhər saatlarında əlavə olaraq hücum əmrini gözləyən xeyli müxalifət qoşunları şəhərə doğru hərəkətə keçib. Bununla bağlı videogörüntülər də yayımlanıb.

Artıq Həma ətrafında daha üç yaşayış məntəqəsi ələ keçirilib və şəhərin ətrafında mühasirə halqası yaradılıb. Bəzi müşahidəçilərin fikrincə, buradakı Əsəd qüvvələri və İran proksi birləşmələri darmadağın ediləndən sonra Əsədin və onun əsas himayədarı olan Rusiyanın vəziyyəti bir qədər də ağırlaşa, nəticədə Moskva həm də Ukrayna cəbhəsində daha “yolagəlimli” siyasət yürüdə bilər.

Hər halda, yaxın günlərdə Suriyada vəziyyət tədricən aydınlaşacaq və burada baş verənlərin Ukraynadakı duruma nə dərəcədə təsir etdiyi görünəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password