Dollar satışı kəskin artıb,narahatçılığa əsas varmı? – Ekspertlərdən açıqlama
Dövlət Neft Fondu bu ilin yanvar-noyabr ayında 6.5 milyard dollara qədər valyuta satıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.55 dəfə çoxdur.
Fondun yaydığı məlumatda təkcə noyabr ayında qurumun satışı 574,6 milyon dollar olub.
Qeyd edək ki, bu barədə xəbərlər mediada geniş oxucu kütləsi tərəfindən izlənilir. Son illər neft gəlirlərinin azalması, qiymətlərin bahalaşması cəmiyyətdə yeni devalvasiya gözləntiləri yaradıb. Bəzi müstəqil ekspertlərin bu barədə xəbərdarlıqları da ictimai rəydə belə gözləntilərin artmasına səbəb olur. Rusiya rublunun son günlərdə kəskin dəyərdən düşməsi fonunda Neft Fondunun ötən ilin 11 ayı ilə müqayisədə dollar satışını 2.5 dəfədən çox artırması, 10 ayda Mərkəzi Bakın valyuta ehtiyatlarının 900 milyon dollara qədər azalması barədə xəbərlərin vətəndaşlar tərəfindən narahatlıqla qarşılanması başa düşüləndir.
Bəs reallıq necədir, Azərbaycanda dollara tələbatın artması nə ilə bağlıdır, qarşıda devalvasiya riskləri varmı?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika”-ya bildirib ki, 2024-cü ildə Neft Fondunun büdcə xərcləri 12 milyard 905 milyon manat və ya 7 mlrd. 591 milyon dollar təşkil edir. “Demək, büdcə qarşısında öhdəliklərini yerinə yetirmək üçün Fond 11 ayda orta hesabla aylıq 590 milyon dollar vəsait xərcləyib. Neft Fondu büdcə xərclərini tam ödəmək üçün dekabrda 1 mlrd. 90 mln dollar da xərcləyə bilər”, – o əlavə edib.
Bəs nədən ötən illə müqayisədə Neft Fondundan bu il çox vəsait xərclənib? Ekspert deyir ki, səbəbi sadədir: “Neft qiymətləri daha yüksək olmasından və ən əsası da “Şahdəniz” layihəsi üzrə milyard manat əlavə vergi ödənişi olduğundan Neft Fondundan nəzərdə tutulduğu qədər transfertlərə ehtiyac yaranmamamışdı. Valyuta yerli bazarda çox olduğundan hətta banklar onu tam həcmdə almağa maraq göstərməmişdilər. Ona görə də Mərkəzi Bank həmin valyutanı alaraq öz ehtiyatlarını xeyli artırmışdı.
Bu baxımdan da hazırda nə manata hansısa təzyiq var, nə banklarda dollara ajiotaj var. Əksinə, 1 il əvvəllə müqayisədə depozitlərin manatla saxlanılan hissəsi artmağa başlayıb. Onu da vurğulayım ki, ticarət dövriyyəsində neft həcmlərinin hər il 1 mln. ton azalmasına baxmayaraq, kəsir yoxdur”.
İqtisadçı Samir Əliyev isə bildirir ki, Neft Fondunun dövlət büdcəsinin qarşısında öhdəliyi 2024-cü ildə 12,8 milyard manat (7,5 milyard dollar) nəzərdə tutulub. Onun sözlərinə görə, bu vəsaitin 6,5 milyard dolları artıq satılıb. “Büdcə proqnozuna tam əməl edilərsə, sonuncu ayda – dekabrda satılacaq valyutanın həcmi 1 milyard dollar olmalıdır. Bu isə bazarda dollar artıqlığı yarada bilər”, – o əlavə edib.
Ekspert vurğulayır ki, belə vəziyyətdə makroiqtisadi sabitliyi qorumaq və Neft Fondunun büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dəstək üçün Mərkəzi Bank bazara alışyönlü müdaxlə edərək son iki ayda azalmaqda olan valyuta ehtiyatını artıra bilər. “Digər addım kimi büdcəyə transfertin həcminin azaldılması mümkündür”, – iqtisadçı əlavə edib. /azpolitika.info