Uzaq Şərqdə müharibə gərginliyi – ABŞ və Çin orduları üz-üzə

 

ABŞ və Yaponiya hərbi qüvvələri birgə plan üzərində işləyirlər. Bu hərbi plan Tayvan ətrafında vəziyyət gərginləşməsiylə bağlıdır. Həmin plana görə, vəziyyətin gərginləşməsi halında ABŞ Yaponiyaya məxsus adalarda HIMARS raket qüvvələrini hazır vəziyyətə gətirəcək. Yaponiya isə ABŞ hərbi qüvvələrini yanacaq və digər zəruri materiallarla təhciz edəcək.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, ABŞ hərbi hava qüvvələri 2026-cı ildən başlayaraq, Yaponiyanın Honsyu adasındakı Misava hərbi bazasında 48 F-35 təyyarəsi yerləşdirəcək:

“ABŞ Filippinin şimalında da raket sistemləri dislokasiya edəcək.

Prezident Co Bayden Ukraynaya ABŞ raketləriylə Rusiyanın dərinliyinə zərbələr endirməsi icazəsini verməklə, gələcək Prezident Donald Trampın işini ağırlaşdırdı. Çünki Tramp Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirmək istəyir. Bayden Trampa eyni çətinliyi Sakit okean bölgəsində də yaradıb. Çünki Baydendən fərqli olaraq, Tramp Tayvana hərbi dəstəyi artırmaq istəmir”.

Təhlildə bildirilir ki, Tayvan lideri Lay Sindenin ABŞ-a səfəri başlayıb:

“Sinde səfərə Havay adalarından başlayıb, o, bölgədəki digər adalara da gedəcək. “The Guardian”ın yazdığına görə, Sinde bu səfərlə Vaşinqtonun Tayvana dəstəyini artırmasına çalışır. Maraqlıdır ki, o, Havay Universitetində çıxış edərkən jurnalistləri konfrans zalından çıxarıblar.

Tayvan liderinin ABŞ-a səfəri Pekinin sərt etirazına səbəb olub. Çin Xarici İşlər Nazirliyi Sindeni ABŞ-a dəvət etdiyinə görə Vaşinqtona etirazını bildirib. Etirazda deyilir ki, Çin vəziyyətin inkişafını yaxından izləyəcək, ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün qətiyyətli və güclü tədbirlər görəcək.

Çin aylardır Tayvan ətrafında hərbi təlimlər keçirməklə adaya təzyiqini artırıb. Vaşinqton da buna cavab olaraq, ada liderini ABŞ-a dəvət edib. Bu, Lay Sindenin mayda Tayvan lideri seçildikdən sonra ilk xarici səfəridir.

Tayvanın əsas dəstəkçisi ABŞ-dır. Dövlət Departamenti Tayvana hərbi texnika satışını təsdiqləyib. Bu çərçivədə Tayvana 385 milyon dollar dəyərində F-16-lar və radarlar veriləcək. Ancaq Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra vəziyyət dəyişə bilər. Tramp Tayvana maliyyə yardımının əleyhinədir. O, iyulda demişdi ki, Tayvan müdafiə xərclərini özü ödəməlidir. ABŞ lideri adanı Çinin hərbi hücumundan müdafiə edib-etməyəcəyinə dair suala cavab verməkdən yayınıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password