Gürcüstanda dirəniş güclənir – Diplomatlardan sonra iri biznes də İvanişviliyə qarşı çıxır
Gürcüstandakı etirazlara artıq müxtəlif biznes strukturlarının da qoşulması prosesi davam edir. Məlum olduğu kimi, Tbilisidə ən tanınan restoranlar və digər əyləncə mərkəzləri aksiyalarla bağlı həmrəylik nümayiş etdirərək, fəaliyyətlərini dayandırıblar. İndi isə daha iri və tanınmış biznes strukturları da etirazlara dəstək bəyanatları yaymağa başlayıblar.
Gürcü mediası xəbər verir ki, Gürcüstanın iki ən böyük bankı – Bank of Georgia və TBC Bank, eləcə də telekommunikasiya şirkətləri Magticom və Silknet, developer ORBI Group, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti Tegeta hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.
TBC Bankın bəyanatında deyilir: “Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və olaraq qalır”.
Magticom şirkəti təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı qəddarlığını pisləyib. Tegeta isə qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir.
Onu da qeyd edək ki, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri səbəbindən kütləvi şəkildə istefaya gedirlər. Artıq ABŞ, Hollandiya, Bolqarıstan, İtaliya və Litvada diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub. “Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, – Hollandiyadakı səfir David Solomonia deyib.
Gürcüstan Müdafiə Nazirliyinin də onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Bununla bağlı bəyanatı nazirliyin 43 əməkdaşı imzalayıb.
Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur” və əsas qanunun maddələrinə ziddir. Ona görə də konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırması ilə bağlı qərarı ilə əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.
Aksiyalar isə davam edir. Son məlumatlara görə, dünən Tbilisinin mərkəzinə toplaşanların sayı bir gün əvvəlkindən daha çox olub. Yəni, etirazlar hakimiyyətin gözlədiyinin əleyhinə olaraq, səngimir, daha da şiddətlənir. Təhlükəsizlik qüvvələri isə etirazçıları dağıtmaqda ciddi çətinlik çəkirlər. Etirazlar artıq bölgələrə, digər iri şəhərlərə də yayılır.
Buna baxmayaraq, hökumət geri addım atmır, məlum bəyanatını geri götürmək istəmir, nəyisə gözləyir. Hadisələrin gedişi isə göstərir ki, İvanişvili hakimiyyətinin bu inadı onun özü üçün çox baha başa gələ bilər… /azpolitika.info