Tbilisidə dramatik gecə – Toqquşmalar oldu, diplomatlar hökumətə qarşı çıxdı

 

Xəbər verildiyi kimi, dünən Gürcüstan hökumətinin 2028-ci ilə qədər ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yayımlanandan dərhal sonra paytaxt Tbilisidə kütləvi etirazlar başlayıb.

Baş nazir İrakli Kobaxidzenin məlum bəyanatından cəmi bir saat sonra Rustaveli prospektinə on minlərlə etirazçı toplaşıb. Eyni zamanda, etirazların spontan xarakter daşıdığı və müxalif siyasi qüvvələrin təşkilat və idarəetmə bacarıqsızlığı xüsusi önə çəkilir. Bu baxımdan yalnız Prezident Salome Zurabişvili daha aktiv və qətiyyətli görünür. Etirazçılara qoşulan Zurabişvilinin polislərə yaxınlaşaraq, onlarla söhbətləşdiyi və onlardan “kimi müdafiə etdiklərini” soruşduğu bildirilir.

 

 

Bu arada Gürcüstan Xarici İşlər Nazirliyinin və xaricdəki diplomatik korpusların 78 əməkdaşı hökumətin ölkənin Avropa İttifaqına üzvlüyünün dondurulması ilə bağlı qərarına qarşı bəyanat yayıb.

Orada bildirilir ki, hökumət tərəfindən Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından çıxarılması ölkənin strateji maraqlarına uyğun gəlmir: “Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin ləngiməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan baş verən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalır”.

Bütün gecə etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edən Tbilisi polisi nəhayət etirazçıları dağıdıb. Proses polisin sərt həbsləri ilə müşayiət olunub. Jurnalistlər etirazçılar arasında xəsarət alanların olduğunu bildirirlər. Onların sözlərinə görə, aksiya liderlərindən biri Elena Xoştariyanın gözünə qaz sıxılıb, Nana Malaşxiyanın isə burnu polis tərəfindən sındırılıb.

 

 

 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 43 nəfər saxlanılıb. Onlar polis əməkdaşlarının tələblərinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Həmçinin, dövlət məmuruna müqavimət göstərmə və əmlaka ziyan vurma maddəsi ilə də istintaq aparılacaq.

 

 

Daxili İşlər Nazirliyi aksiya zamanı 32 polis əməkdaşının yaralandığını bildirib. 13 nəfərin cərrahiyyə əməliyyatına ehtiyacının olduğu iddia edilir.

Aksiya zamanı ümumilikdə 15-ə yaxın jurnalist xəsarət alıb. Gürcüstan parlamentinin rəhbərliyi genişmiqyaslı nümayişlərə görə Tbilisidəki parlament binasında “qırmızı təhlükəsizlik səviyyəsi” elan edib və bununla da ərazini ziyarətçilərin üzünə bağlayıb.

 

 

Səhərə qədər etirazçılarla birlikdə olan müxalifət liderlərindən biri Nika Melia jurnalistlərə deyib ki, etirazlar yeni parlament seçkiləri təyin olunana qədər dayanmayacaq: “Hakimiyyətin Avropa İttifaqı ilə danışıqları dayandırmaq qərarı konstitusiya çevrilişidir. Çünki bu, Konstitusiyanın Gürcüstanın Avropa İttifaqına inteqrasiya istəyini ifadə edən maddəsinin birbaşa pozulmasıdır. Polis bu gün etirazçıları dağıdıb, lakin aksiya çox yaxında və daha böyük qüvvə ilə bərpa olunacaq”.

 

Sonda qeyd edək ki, müxalifət partiyaları bu gün Rustaveli prospektində saat 19:00-da başlamalı olan yeni mitinq elan ediblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password