“Bu, Zelenskinin siyasi sonu olacaq” – “Ukrayna Trampın planı ilə razılaşa bilməz”
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp çətin ki, Ukrayna üçün əlverişli şərtlərlə müharibənin bitməsinə nail ola bilsin.
Bunu “Politico” nəşrinə müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, Vladimir Putin Ukrayna ilə sövdələşməyə hazır deyil. O, əlavə edib ki, ABŞ Trampın gəlişi ilə Kiyevə silah verməyi dayandırarsa, Ukrayna cəbhə xəttinin çökməsi riski ilə üzləşər.
Kuleba hesab edir ki, Rusiyanın müttəfiqləri Ukraynanın tərəfdaşlarından qat-qat qətiyyətli davranırlar. O, jurnalistlərə deyib ki, Qərb ölkələri çox vaxt dəstək baxımından qeyri-ardıcıl və etibarsız olub.
Bundan əlavə, Kulebanın fikrincə, Putin Ukraynadakı müharibəni bitirməyə hazır deyil. Diplomat əmindir ki, Rusiya başçısı hələ də Ukraynanı məhv etmək istəyir: “Putin hələ də Ukrayna dövlətçiliyini məhv edə biləcəyinə, Ukraynanı müstəqil demokratiya kimi əzəcəyinə inanır və hesab edir ki, onun Qərbin zəifliyini isbat etməsinə bir addım qalıb. Ukrayna Putinin şəxsi tutqunluğudur. Amma eyni zamnda, Ukraynanı əzmək onun üçün daha böyük məqsədini – bütün dünyaya Qərbin özünü və dəyərlərini müdafiə etmək iqtidarında olmadığını göstərməkdən ötrü vasitədir.
Eyni zamanda, eks-nazir əmindir ki, Tramp Ukraynanın arxasından çəkilsə belə, Fransa, Böyük Britaniya, Skandinaviya və Baltikyanı ölkələr öz dəstəyini gücləndirmək istəyəcəklər. Problemli ölkə isə seçkilərin keçiriləcəyi Almaniyadır. Kuleba Qərbdə çoxlarının bu müharibənin əhəmiyyətini və nəticələrini dərk etməməsindən məyus olduğunu deyib: “Rusiya öz strateji məqsədlərinin nə olduğunu detallarına qədər bilir, Ukrayna da həmçinin. Lakin Ukraynanın, onun dəstəyi olmadan qalib gələ bilməyəcəyi Qərb nə uğrunda mübarizə apardığını bilmir. Bu müharibənin əsl faciəsi budur”.
Keçmiş nazirin sözlərinə görə, müsbət hal odur ki, Vladimir Putinin Trampı qəzəbləndirəcək səhvə yol verməsi şansı həmişə var. Kuleba Ukraynanın müttəfiqlərinin dəyanətindən daha çox buna ümid edir.
Kuleba Ukraynanın Londondakı səfiri Valeri Zalujnının Üçüncü Dünya Müharibəsinin başlaması ilə bağlı bəyanatına da münasibət bildirib. O, bu fikirlə razılaşmır, çünki Qərbin özü “psixoloji cəhətdən döyüşməyə hazır deyil”: “Əgər məndən keçən il Qərbin ən böyük səhvinin nə olduğunu soruşsanız, deyərdim ki, Avropa liderlərininEmmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifini açıq və sərt şəkildə pisləmələri. Şübhə etmirəm ki, Putin bunu bəyənib… Bu, mənim üçün şok idi”.
Qeyd edək i, seçki kampaniyası zamanı Tramp Ukraynada müharibəyə son qoyacağına söz verib və bunu bir gündə edə biləcəyi ilə öyünüb. Oktyabr ayında yeni seçilmiş vitse-prezident J.D.Vensin yazdığına görə, Trampın nəzərdə tutduğu anlaşmaya Rusiyanın xeyrinə ərazi güzəştləri və cəbhə xətti boyunca silahsızlaşdırılmış zonanın yaradılması daxildir.
Kuleba bu planın baş tutmayacağını bildirib. O deyir ki, Putini əsl diplomatiya maraqlandırmır və bunun əvəzinə Qərbi yorub əldən salmağa, bezdirməyə çalışır. Bundan əlavə, diplomat belə bir razılaşmanın Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanmayacağını vurğulayıb: “Ruslar Donbası saxlayır, Krımı saxlayır, heç bir NATO üzvlüyü olmur… Zelenski belə bir müqaviləni imzalaya bilərmi? O, bunu Konstitusiyaya görə edə bilməz və həm də ona görə edə bilməz ki, bu, onun siyasi sonu olacaq”.
Diplomat özünün XİN başçısı vəzifəsindən istefası ilə bağlı şərh verməkdən imtina edib. Buna baxmayaraq, o, Ukrayna hökumətinin nə etməli olduğu barədə danışarkən, “Zelenski öz hökumətinə güclü insanları qaytarmalıdır” deyib.
Bundan əlavə, “Politico”-nun danışdırdığı ekspertlər Trampın Ukraynadakı müharibəni tez bir zamanda bitirmək istədiyini, lakin bunun mümkün olmayacağını düşünürlər: “Qlobal mühit Trampın əvvəlki prezidentlik dövründən bəri xeyli dəyişib və onun sövdələşmə tərzi üçün əlverişsiz hala gəlib”.