Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olması barədə məlumat yayılıb.
Yayılan əlumatda bildirilir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib. Xidmətdən medianın sorğusuna cavab olaraq bildirilib ki, Penitensiar xidmətdə rəisin müşaviri vəzifəsi yoxdur: “Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub”,
Xatırladaq ki,Rauf Qasımzadənin atası Aydın Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış, Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Aktualinfo.org-a verilən məlumata görə Rauf Qasımzadə buna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun köməkçisi olub. Onun yeni vəzifəyə təyinatında Cavid Qurbanovun rolu olduğu bildirilir.
Qeyd edək ki, Cavid Qurbanov uzun illər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 24 may 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Verilən məlumatlara görə Rauf Qasımzadənin Bakıda geniş biznes şəbəkəsi var. Onun hər gün işə ən son model “Porsche” markalı avtomobillə gəlib-getdiyi bildirilir.
Qeyd edək ki, Penitensiar xidmətin rəisi general-mayor Mirsaleh Seyidovdu. O, 2023-cü il iyul ayının 10-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Aktualinfo.org