Baydenin icazəsi: Tramp üçün hədiyyə! – Kiyevə verilən “raket icazəsi” Trampın əlini necə gücləndirir?
Co Baydenin Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisini vurmağa icazə verməsi xəbəri yayılan kimi, əksər şərhçilər bunu “Baydenin Trampa son pisliyi”, “Baydenin Trampın qucağına atdığı qara pişik” və s. kimi qiymətləndirdilər. O mənada ki, Putinlə “dil tapmağı” planlaşdıran Tramp guya bu qərar nəticəsində çətin duruma düşəcək, Kreml daha da aqressivləşəcək və yeni ABŞ Prezidentinin Putini sülhə razı salması çətinləşəcək.
Ancaq nə işdirsə, həmin şərhçilərdən fərqli olaraq, Trampın keçid administrasiyası bu xəbərə heç də kəskin mənfi reaksiya vermədi. Əvəzində quru, şablon ifadələr səsləndirildi. Doğrudur, Trampın heç bir rəsmi vəzifəsi və səlahiyyəti olmayan oğlu bu qərarı tənqid etdi və bunu üçüncü dünya müharibəsinə doğru atılan addım kimi qiymətləndirdi. Lakin, görünür, Trampın “xoru”nda bu cür səslərin də eşidilməsi lazımdır və bu “xor”dakı hər kəs kimi, “kiçik Tramp”ın da özünə aid “kiçik rolu” var. Ancaq təbii ki, bu rol həlledici deyil və Trampın mövqeyini əks etdirmir…
Əslində isə Baydenin Kiyevə verdiyi “raket icazəsi” hamıdan çox Putinlə danışıqlara hazırlaşan Trampa sərf edir. Bunu ABŞ-nin Avropadakı qoşunlarının sabiq komandanı, məşhur general Ben Hoces də təsdiqləyib. General son açıqlamasında deyib ki, Baydenin bu qərarı Tramp üçün hədiyyədir və onun Kremllə gözlənilən danışıqlarda əlini xeyli gücləndirir.
Doğrudan da, bu qərarı “sülh istəyən” Tramp yox, “davakar” Bayden verib və belə bir görüntü yaradılır ki, guya bununla Trampa pislik edib. Ancaq əslində, Kreml fakt qarşısında qoyulub, top onun tərəfindədir və o, nə iləsə cavab vermək məcburiyyətindədir. Cavab isə nüvə hədə-qorxusundan o yana getmir, gedə bilmir. İndi Tramp hakimiyyətə gələn kimi Baydenin “raket icazəsi” qərarını qüvvədən sala da bilər, salmaya da. Hətta bu qərarı daha da gücləndirə, Ukraynaya verilən raket sayını artıra da bilər. Bir sözlə, Bayden Putinlə danışıqlarda Trampın əlinə önəmli bir kozır vermiş oldu.
Kim nə desə də, yalnız güc dilini anlayan Kremllə danışıqlar masasında Trampa zəif yox, güclü Ukrayna lazımdır. Ukrayna onsuz da böyük ölçüdə ABŞ-dən asılı vəziyyətdədir və onu dilə gətirmək Tramp üçün daha asan görünür. Putin isə qarşısında güc, iradə, qətiyyət görməyincə hər hansı razılaşmaya getməyəcək. Odur ki, Bayden hakimiyyəti təhvil verənə qədər Ukrayna ilə bağlı nə qədər daha çox cəsarətli və aqressiv qərarlar versə, Ukraynaya nə qədər daha çox hərbi yardım və maliyyə göndərsə, bu, Trampın əlini birmənalı olaraq, daha çox gücləndirəcək…
Yeri gəlmişkən qeyd edək ki, Bayden bu gün Ukraynaya kütləvi sayda piyada əleyhinə minalar göndərilməsi ilə bağlı daha bir önəmli qərar verib. Bu onunla izah edilib ki, Rusiyanın son dövrlərdəki irəliləyişinin qarşısı alınmalıdır və bu minalar həmin işdə Ukarynaya ciddi kömək göstərə bilər. Baydenin prezidentliyi bitən günə qədər belə qərarların daha tez-tez veriləcəyi olduqca inandırıcıdır. İndi kim tam əminliklə deyə bilər ki, Baydenin bu addımları onun yerini tutacaq Tramp administrasiyası ilə razılaşdırılmayıb?
Bütün bunların Trampın Ağ Evdə Baydenlə görüşündən sonra baş verdiyini də unutmayaq. Onu da unutmayaq ki, ABŞ-də “Deep State” – “dərin dövlət” də var, strateji qərarları yalnız prezidentlər vermir və nə Tramp, nə də digər prezidentlər həlledici qərarları verməkdə tam sərbəst deyillər, ABŞ-nin strateji xarici siyasət xəttinə xidmət etmək məcburiyyətindədirlər. Odur ki, hər nə qədər Baydenlə Tramp düşmən kimi təqdim edilsə də, onların xidmət etdikləri xətt eynidir və Baydenin Ukraynaya verdiyi son məlum icazəyə də bu kontekstdən baxmaq lazımdır. Bunu təbii ki, Rusiyada da başa düşürlər və Sergey Lavrovun Trampın seçilməsindən sonra işlətdiyi “ABŞ-də hakimiyyət dəyişikliyi baş versə də, Vaşinqtonun “Ukrayna məsələlərinə” yanaşması eyni qalacaq, çünki onlar NATO məkanında və NATO məkanı ətrafında baş verən hər şeyi öz nəzarətində saxlamağa çalışacaqlar” fikri də bundan xəbər verir. Lakin artıq gecdir, Rusiya bütün bunları anlasa da, özü-özünü saldığı Ukrayna bataqlığında çapalamaqdan başqa əlindən heç nə gəlmir və Trampın da onu bu bataqlıqdan “quru” çıxaracağına ümid azdır…
Yeri gəlmişkən, ABŞ mətbuatı Prezident Co Baydenin “raket icazəsi” barədə xəbəri yayımlayanda, bunun yalnız Kursk vilayətində gedən döyüşlərə şamil ediləcəyini bildirmişdi və qeyd etmişdi ki, bu, guya Şimali Koreya hərbçilərinin həmin bölgədə müharibəyə cəlb edilməsinə cavabdır. Lakin nə işdirsə, “ATACMS”-ların səsi Kursk yox, Bryanskdan gəlir, oradakı silah anbarları vurulur. Necə ki, Zelenski demişdi: “Raketlər özləri öz sözlərini deyəcək…” Bu o deməkdir ki, yalnız Kurskun vurulması ilə bağlı məhdudiyyət də yoxdur.
Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Bryanska 6 “ATACMS” raketinin atıldığı, onlardan guya 5-nin vurulduğu, yalnız həmişəki kimi, birinin qəlpələrinin hərbi obyektin “texniki zonasına” düşdüyü barədə məlumat yayıb. Ancaq videokadrlardan da göründüyü kimi, bir neçə partlayış olub və silah anbarına ciddi ziyan dəyib. ABŞ mətbuatı isə Pentaqondakı mənbələrə istinadla yazıb ki, Bryanska 8 raket atılıb və onlardan yalnız ikisi məhv edilib, qalan 6-sı hədəfi dəqiq vurub. Bu onu göstərir ki, hələlik Rusiya Hava Hücumundan Müdafiə Sistemləri “ATACMS”-a qarşı effektiv deyillər. Onu da nəzərə alaq ki, bu raketlər heç də ABŞ hərbi arsenalındakı ən yeni və mükəmməl raketlər deyil…
Bütün bunlar, o cümlədən Ukraynaya edilən zərrə-zərrə, “dozalarla” yardım, uzun süründürməçilkdən sonra verilən qərarlar, icazələr və s. həm də bir daha onu göstərir ki, ABŞ başda olmaqla Qərb özünün ikiüzlü və riyakar siyasətinə sadiqdir, onun üçün Ukraynanın iztirabları, itkiləri önəmli deyil. Bu kontekstdə bir çox şərhçilərin Baydenin “raket icazəsi”ni onun “get ha getdə” “Ukraynaya qarşı vəfa borcunu yerinə yetirməsi”, “tarixə müsbət qəhrəman kimi düşməsi”, “vicdanının səsinə qulaq asması” kimi sentimental izahlarla qiymətləndirməsi çox gülünc görünür. Çünki istər Baydenin, istərsə də onun arxasındakıların gerçək vicdanı olsaydı, heç bu müharibənin başlamasına belə imkan verməzdilər…