Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır – Nazir
Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
“Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır. Hərəkətlilik proqramı çərçivəsində bir neçə mərkəzi küçə avtomobillər üçün bağlanaraq yalnız piyadaların istifadəsinə verilib. Bundan əlavə, son illərdə hökumət ekoloji cəhətdən təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsini stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azadolma kimi tədbirlər tətbiq edib. Bu intensiv stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrik və hibrid avtomobillərin payını demək olar ki, iki dəfə artıraraq, ümumi göstəricini 10,5 faizdən 20 faizə yaxınlaşdırıb”, – deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.