Sülh, yoxsa müharibə? – Bölgə üçün son seçim belədir
Ermənistanın sülh üçün ilkin şərt olan ölkə konstitusiyasına və müstəqillik bəyannaməsinə dəyişiklik etməklə bağlı o qədər də istəkli görünməməsi sözsüz ki, prosesi uzadır. Fakt odur ki, işğal reallığı olmasa da, Ermənistan qanunvericilik səviyyəsində Azərbaycana qarşı ərazi iddiasından imtina etmək istəmir. Bu da gələcək üçün böyük risklər yaradır.
Mövzunu şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, Ermənistanın qanunverciliyində bu kimi iddiaların olması bu ölkənin imicinə təsir edir.
“Ermənistan qanunvericiliyində, konstitusiyasında və müstəqillik bəyannaməsində həmin əsassız müddəalar götürülsə, onun üzərinə olan ittihamlar azalacaq. Müəyyən mənada bu ölkəyə olan inamsızlıq ortadan qalxacaq”, – deyə o əlavə edib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan torpaqlarını azad edib və istənilən vaxt özünə qarşı olan təhdidlərin də qarşısında dura biləcək gücdədir:
“Əgər Ermənistan da bölgədə bərbərhüquqlu normal münasibətlər qurulmasını, iqtisadi məkanın açılmasını, kommunikasiya xəttlərinin inkişaf etməsini istəyirsə, mütləqdir ki, səmimiyyətini göstərmək üçün bu dəyişikliyi etməlidir. Əks halda güvənsiz toplum, işğalçı zehniyyətin daşıyıcısı olan bir dövlət kimi qalacaq”.
Fazil Mustafa bildirib ki, Ermənistan bundan sonrakı dövrdə hansısa formada imzalanacaq sənəd məsələsində güvənsiz dövlət imicinə malik olacaq:
“Ona görə də Ermənistan Azərbaycan olmadan da bu addımları atmalıdır. İşğalla və hansısa torpaqların guya ermənilərə aid olması ilə bağlı şübhəli məqamlar ortadan qalxmalıdır”.